DÜNYA
2 dəqiqə oxuma
Ukrayna ordusu Rusiyaya məxsus neft anbarına genişmiqyaslı PUA hücumu təşkil etdi
Rusiya fövqəladə hallar xidmətinin əməkdaşları Krasnodar bölgəsində baş verən yanğını nəzarət altına almağa çalışırlar
Ukrayna ordusu Rusiyaya məxsus neft anbarına genişmiqyaslı PUA hücumu təşkil etdi
Ukrayna ordusu Rusiyaya məxsus neft anbarına genişmiqyaslı PUA hücumu təşkil etdi / AP
8 saat əvvəl

Rusiya dövlət rəsmilərinin martın 15-də verdikləri məlumata görə, ölkənin cənubunda Krasnodar bölgəsinin Labinsk şəhərində yerləşən bir neft anbarı pilotsuz uçuş aparatı hücumu nəticəsində alovlanıb.

Bildirilir ki, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Fövqəladə hallar xidmətinin əməkdaşları yanğını nəzarət altına almağa çalışarkən, rəsmilər ziyanın dəqiq miqyası barədə məlumat verməyiblər.

Qeyd edilir ki, həmin bölgə Rusiyanın enerji və hərbi infrastrukturuna qarşı genişlənən hava əməliyyatlarının bir hissəsi kimi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının dəfələrlə hədəfinə çevrilib.

Ötən həftə Tixoretsk yaxınlığında yerləşən neft obyektinə, “Afipski” neft emalı zavoduna və “Kavkaz” limanı yaxınlığındakı obyektlərə hücumlar həyata keçirilib.

Bundan əlavə, Rusiya rəhbərliyi bildirib ki, Ukrayna dövləti həftəsonu Moskva istiqamətində indiyədək həyata keçirilən ən böyük pilotsuz uçuş aparatı hücumlarından birini edib.

Məsələylə bağlı Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə sistemlərinin çoxsaylı “kamikadze” pilotsuz uçuş aparatları dalğasına cavab verməsi nəticəsində iki gün ərzində 100-dən çox pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.

TASS xəbər agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi gecə vaxtı ərzində təxminən 145 pilotsuz uçuş aparatının vurulduğunu bildirib. Onlardan 53-ü Moskva bölgəsində qeydə alınıb.

Milli aviasiya nəzarəti qurumunun məlumatına əsasən, hücumlar zamanı şəhərin əsas hava limanlarında uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qeyd edək ki, Moskva şəhəri və onun ətrafını əhatə edən Moskva bölgəsinin əhalisi təxminən 22 milyon nəfərdir.

 

Ukrayna dövləti danışıqlara hazır olduğunu bildirir

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl ABŞ-nin müharibəni sona çatdırmaq məqsədilə Amerika ərazisində Rusiya ilə üçtərəfli görüş keçirilməsini təklif etdiyini bildirmişdi.

O, martın 15-də Kiyevdə etdiyi çıxış zamanı görüşün gələn həftəyə təxirə salındığını deyib.

V.Zelenskiy bildirib: “Bu məsələ müharibə ilə bağlıdır. Onlar (Amerika tərəfi) ABŞ-də görüşməyə hazırdırlar. Biz də hazır olduğumuzu demişik. Rusya tərəfi isə Amerikaya getməyə hazır deyil. Buna görə də Amerikanın cavabını gözləyirik.”

Ukrayna rəhbəri əlavə edib ki, Vaşinqton hakimiyyəti və ya Moskva rəhbərliyi alternativ məkan təklif edərsə, rəsmi Kiyev başqa bir ölkədə də danışıqlar aparmağa hazırdır.

MƏNBƏ:TRT