Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla apardığı telefon danışığı zamanı Nikolas Maduronun saxlanılmasından sonra Venesuelanın qeyri-sabitliyə sürüklənməməsinin vacibliyini vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də keçirilən Nazirlər Kabinetinin iclasından sonra mühüm açıqlamalar verib. Türkiyə Prezidenti bildirib ki, suverenliyin və beynəlxalq hüququn pozulması qlobal miqyasda ciddi problemlərə səbəb ola bilər.
“Türkiyə beynəlxalq hüququ pozan heç bir hərəkəti qəbul etmir”, – deyən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, rəsmi Ankara həm Türkiyə xalqının, həm də dost Venesuela xalqının maraqlarını qorumağa çalışır.
Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə və türk xalqı rifahı, sülhü və inkişafı uğrunda mübarizəsində dost Venesuela xalqının yanında olmağa davam edəcək.
“Cənab Maduro və Venesuela xalqı dəfələrlə xalqımızın dostu olduqlarını nümayiş etdiriblər”,-deyə dövlət başçısı qeyd edib.
Ərdoğan həmçinin qaydalara əsaslanan beynəlxalq nizamın qorunmasının vacibliyini diqqətə çatdıraraq bildirib ki, Türkiyə dünyanın hər yerində ədaləti, qanunun aliliyini və beynəlxalq hüququ müdafiə edən ölkələrin ön sıralarında yer alır.
Xatırladaq ki, ABŞ yanvarın 3-də Nikolas Maduro və həyat yoldaşını saxlayaraq ABŞ-a aparıb. ABŞ Ədliyyə Nazirliyinin ittihamnaməsinə əsasən, Maduro və həyat yoldaşı narkotik qaçaqmalçılığı və terror fəaliyyəti ilə bağlı ittiham olunurlar.
Nikolas Maduro yanvarın 5-də Manhettendə ilk dəfə hakim qarşısına çıxıb və ABŞ tərəfindən irəli sürülən bütün ittihamları rədd edib.
ABŞ Prezidenti Donald Tramp isə ölkəsinin Venesuelanı müvəqqəti olaraq idarə edəcəyini və bu ölkənin zəngin neft ehtiyatlarından faydalanacağını bəyan edib.


















