Bu, Tramp və İran üzərində kimin söz sahibi olacağından asılıdır - Tramp siyasi baxımdan güclü bir kabinet təşkil edərkən, İran siyasi güzəştə getmək və ya ABŞ-a qarşı güclənmək məsələsində fikir ayrılığına düşüb.
ABŞ-ın yeni prezidentinin 2025-ci il yanvarın 20-də ardıcıl olmayan ikinci prezidentlik müddətinə başlaması ilə Yaxın Şərq, xüsusilə İran məsələsində yeni Amerika rəhbərliyini test etməyə davam edəcək. Bir çox siyasi analitiklər Trampın bu dəfə Tehranla bağlı siyasətinin necə olacağı ilə bağlı maraqlanır.
Trampın qələbəsi İranın siyasi dairələrində müxtəlif şərh və müzakirələrə səbəb olub, xüsusilə islahatçı və mühafizəkar qruplar arasında mühüm ideoloji parçalanmaları dərinləşdirib.
Tramp 2016-cı ildə ilk dəfə prezidentliyə başlayanda onun Ağ Evə gəlişi beynəlxalq münasibətlərdə, xüsusən də Yaxın Şərqlə bağlı transformasiya dövrünün başlanğıcı oldu.
Tramp administrasiyasının Barak Obamanın dövründə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) birtərəfli qaydada çıxması və bundan sonra həyata keçirdiyi “maksimum təzyiq” siyasəti İran siyasətində ciddi dəyişikliyə səbəb olub. Bu siyasi addımlar İrandakı əsas siyasi güclər arasında Tramp administrasiyasına dair düşüncə və rəylərdə ciddi fikir ayrılıqları yaratdı.
Məsələn, Trampın nüvə sazişindən çıxmasından dərhal sonra İranın tanınmış islahatçıları Trampa məktub yazaraq İranın onunla birbaşa danışıqlara getməsini müdafiə etdilər.
Buna cavab olaraq İran mühafizəkarları Trampın sazişdən çıxmasına cavab olaraq o vaxtkı prezident Həsən Ruhaninin administrasiyasından İranın nüvə sazişinin 37-ci maddəsi üzrə öhdəliklərini dayandırmasını tələb etdilər.
Rusiya, Çin və balans siyasəti
Trampın gələn ay Ağ Evə qayıtması ilə İran yenidən mühafizəkarlar və islahatçılar arasında ideoloji parçalanmalardan irəli gələn siyasi gərginlik yaşayır.
İslahatçılar iddia edirlər ki, Trampın Çini cilovlamaq və ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltmaq strategiyası İranla razılaşmanı qaçılmaz edir.
Başqa sözlə, İranla razılaşmaya nail olmaq ABŞ-ın beynəlxalq məqsədlərinə çatmaq üçün strateji zərurətdir.
Lakin bu düşüncə tamamilə Trampın praqmatik yanaşma sərgiləyərək İran razılaşmasından həm ölkə daxilində, həm də xaricdə sülhməramlı kimi şəxsi miras qoymaq üçün istifadə edib-etməməsindən asılıdır. İran islahatçıları Trampın anti-müharibə ritorikasını strateji fürsət kimi şərh edərək İranla razılaşmanın dəyərinin müharibənin iqtisadi və siyasi yükündən çox az olacağını iddia edirlər.
Trampın rəhbərliyindəki potensial ABŞ-İran razılaşması Tehranın Moskva və Pekinlə əlaqələrini zəiflətsə də, iranlı islahatçılar çoxsaylı ittifaqlar axtararaq bu riski gözə almağa razı kimi görünürlər.
Mühafizəkarların yanaşması isə İranın təhlükəsizliyinin və mövcud geosiyasi statusunun qorunmasını vurğulayır. Bu vəziyyət ABŞ-ın hakimiyyətə gələcək yeni hökumətinin hesablamaları ilə ziddiyyət təşkil edir, çünki Tramp İranın regional davranışında, xüsusən də Yaxın Şərqdə “Müqavimət oxu” kimi İran tərəfindən dəstəklənən regional ittifaqlarla bağlı əsaslı dəyişikliklər tələb edəcək.
Tramp administrasiyasındakı bir çox əsas fiqurlar İrana qarşı daha sərt və barışmaz siyasətin tərəfdarı olublar. Əgər İran ABŞ-la danışıqlara girərsə, bu, Tehranın formalaşmış hərbi imicinə xələl gətirəcək və İran daxilində əks reaksiyaya səbəb olacaq. Bu həm də strateji tərəfdaşlar olan Çin və Rusiyanın İrana inamını sarsıdacaq və onları Tehranla ticari və hərbi əlaqələrini məhdudlaşdırmağa sövq edəcək. Hətta Səudiyyə Ərəbistanı və İsrail kimi regional rəqiblər belə Tehranın bölgədəki təsirini məhdudlaşdırmaq üçün sərt tədbirlər görməyə cəsarət edəcəklər.
Trampın 2016-cı ildə nüvə sazişindən birtərəfli şəkildə çıxması mühafizəkarlar arasında Vaşinqtonun etibarsız tərəfdaş olması fikrini gücləndirdi. Bundan əlavə, Tramp administrasiyasının İranın raket proqramı və regional təsirlə bağlı sərt mövqeyi mühafizəkarların mümkün danışıqlara qarşı müqavimətini daha da gücləndirib.
Tramp dönəmində İranın strategiyası necə olacaq?
İran hökuməti çox güman ki, iki istiqamətli strategiya həyata keçirəcək - biri qlobal gərginliyi azaltmaqla beynəlxalq təzyiqləri yumşaltmağa, digəri isə regional təsirləri genişləndirərək strateji çəkindirməni artırmağa yönələcək.
Bu yanaşma Tehranın diplomatik kursunda özünü göstərəcək. İran bir tərəfdən özünü danışıqlara açıq göstərsə də, digər tərəfdən xarici siyasət hədəflərini gözdən qaçırmamaq üçün müdafiə və regional vəkil qüvvələrini gücləndirməyə davam edəcək.
İranın Qərb mediası və beyin mərkəzləri daxilindəki təsir şəbəkəsi dünyanı, xüsusən də Avropa və Amerika rəhbərliyini dialoq fürsətinin nəzərdən qaçırılmamalı olduğuna inandırmaqda mühüm rol oynayacaq. Trampın ilk hakimiyyəti dövründə ABŞ və Avropa İttifaqı arasında Vaşinqtonun Avropanı Rusiyanın irəliləməsindən qoruyacağına dair öhdəliyindəki maliyyə yükü ilə bağlı diplomatik gərginlik müşahidə edildiyinə görə, bir çox analitik İranın Trampın ikinci hakimiyyəti müddətində də oxşar dinamikanın ortaya çıxmasını gözlədiyini iddia edir. İran bu bölünmədən faydalana bilər.
Digər tərəfdən, Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı məhdud, lakin strateji səviyyədə davam etsə də nüvə proqramını fasiləsiz davam etdirmə ehtimalı var.
Lakin dərinləşən iqtisadi böhranlar fonunda İran müxalifətin səslərinə bir qədər meydan aça bilər, çünki bu, ölkə prezidentinə Avropa demokratiyalarından örtülü dəstək qazanmağa kömək edə bilər.
Buna görə də İran çox güman ki, bəzi sosial media platformalarını blokdan çıxaracaq, yüksək sürətli internetə çıxışı asanlaşdıracaq və bəzi məzhəb və etnik tələblərin ifadəsinə icazə verəcək.
Bütövlükdə isə, ölkə Trampın Ağ Evə qayıtmasına baxmayaraq, nüvə proqramını davam etdirməklə yanaşı, həm daxili, həm də xarici siyasət cəbhəsində öz mövqeyini qorumaq üçün çoxqatlı strategiya yaratmağın əlamətlərini göstərir.
Amma çox şey Trampın İranın diqqətlə hazırlanmış addımlarına necə reaksiya verməsindən asılıdır. Trampın döyüşkən və dəyişkən şəxsiyyətini nəzərə alsaq, Tehran ya yeni sanksiyalar dalğası altında ilişib qalacaq və regionda strateji itkilərə məruz qalacaq, ya da bu prosesi aşaraq Vaşinqtonla yeni bir səhifə açacaq.















