Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin yaxın gələcəkdə Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət prosesinə başlamağı hədəflədiyini bəyan edib.
Hökumətin 2026–2031-ci illər üzrə fəaliyyət proqramının təqdim edildiyi parlament iclasında çıxış edən N.Paşinyan Ermənistanın Aİ-yə üzvlüklə bağlı ehtimal olunan referendum üçün yol xəritəsi hazırlamazdan əvvəl rəsmi müraciət etməsinin vacibliyini qeyd edərək deyib: "Əvvəlcə Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etməlidir".
Baş nazir bu prosesin ciddi hazırlıq tələb etdiyini və İrəvanın "yaxın gələcəkdə" fəaliyyətə keçəcəyini əlavə edib. O, həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) tərəfdaşlarının ifadə etdiyi narahatlıqları nəzərə alacağını diqqətə çatdırıb.
Xatırladaq ki, Ermənistan parlamenti 2025-ci ilin mart ayında Aİ-yə inteqrasiya prosesinə başlamaq haqqında qanun layihəsini təsdiqləyib. N.Paşinyan bundan əvvəl bildirmişdi ki, məsələ ictimai müzakirələrin həlledici mərhələsinə çatdıqdan və yol xəritəsi tərtib olunduqdan sonra Aİ üzvlüyü ilə bağlı referendumun keçirilməsi məqsədəuyğundur.
Öz növbəsində, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər Ermənistana potensial Aİ inteqrasiyasının onun bloka üzvlüyünə təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdilər.



















