TÜRKİYƏ
2 dəqiqə oxuma
Hakan Fidan: "Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak etməyi planlaşdırır"
Hakan Fidan həm ABŞ-nin, həm də İranın atəşkəsin uzadılması üçün səmimi səylər göstərdiyini bildirərək, İsrailin Livandakı hərəkətlərinin bu prosesə mane ola biləcəyi barədə xəbərdarlıq edib
Hakan Fidan: "Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak etməyi planlaşdırır"
Tramp iyulda Ankarada keçiriləcək sammitdə iştirak etməyi planlaşdırır. / Foto: AA arxivi.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində iştirak etməyi planlaşdırdığını bildirib.

İyunun 2-də Sinqapura səfəri zamanı “Bloomberg TV”yə müsahibə verən H.Fidan Trampın Ankaradakı NATO sammitinə qatılıb-qatılmayacağı barədə suala “Bildiyimiz qədərilə bəli, iştirak etməyi planlaşdırır”, -deyə cavab verib.

XİN rəhbəri Prezident Rəcəb Tayyib Ərdoğanın ötən ay Tramp ilə bir neçə dəfə telefonla danışdığını və ABŞ Prezidentinin hər dəfə sammitdə iştirak edəcəyini bildirdiyini qeyd edib.

Siyasi bəyanatlara baxmayaraq, ABŞ-nin NATO ittifaqına sadiqliyini qoruduğunu vurğulayan Hakan Fidan Vaşinqtonun NATO-dan çıxa biləcəyi ilə bağlı xəbərdarlıqları reallaşdırmaq niyyətində olduğuna dair heç bir əlamətin olmadığını söyləyib.

Nazir deyib: “ABŞ müttəfiqlərinə müdafiə xərclərini artırmaları və öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşımaları barədə daim təzyiq göstərir. Avropalılar ismarışı aldılar və NATO daxilində müdafiə büdcələrini artırmaq üçün artıq addımlar atıblar. Liderlər bir araya gəldikdə əldə olunan irəliləyişi nəzərdən keçirəcəyik”.

Hakan Fidan həmçinin hər iki tərəfin atəşkəsi uzatmaq üçün səmimi səylər göstərdiyini bildirərək, rəsmi Ankaranın ABŞ və İran arasındakı danışıqlara dəstəyini vurğulayıb.

Atəşkəsə baxmayaraq, İsrailin Livanın cənubunda “Hizbullah”ı hədəf alan hücumlarının danışıqları poza biləcək ciddi risk yaratdığı barədə xəbərdarlıq edən xarici işlər naziri deyib: “Amerikalıların və iranlıların səmimi olduqlarına əminəm. Atəşkəs və Hörmüz boğazının açılmasını istəyirlər, lakin İsrailin niyyətindən əmin deyiləm”.

Qeyd edək ki, fevral ayında ABŞ və İsrailin İrana hücumlar təşkil etməsindən bəri Yaxın Şərqdə gərginlik artıb. Tehran Hörmüz boğazını bağlamaqla yanaşı, Körfəzdəki İsrail və ABŞ müttəfiqlərini hədəf alan hücumlarla cavab verib.

Pakistanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs 8 apreldə qüvvəyə minsə də, İslamabadda aparılan danışıqlarda daimi razılaşma əldə edilə bilməyib.

O vaxtdan bəri, hər iki tərəf birbaşa danışıqları yenidən başlatmaq və münaqişəyə son qoymaq məqsədilə qarşılıqlı təkliflər mübadiləsini davam etdirir.