DÜNYA
1 dəqiqə oxuma
Rusiya: Ukraynada logistika mərkəzlərini, limanları və gəmiləri vurduq
Rusiya ərazisinə göndərilən Ukraynaya məxsus 244 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi də bildirilib
Rusiya: Ukraynada logistika mərkəzlərini, limanları və gəmiləri vurduq
(ARXİV) Rusiya: Ukraynada logistika mərkəzlərini, limanları və gəmiləri vurduq

Gecə saatlarında Rusiya ərazisinə göndərilən Ukraynaya məxsus 244 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi də bildirilib.

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı logistika mərkəzlərinə, anbarlara və limanlara zərbələr endirildiyini, Ukrayna ordusunun ehtiyacları istiqamətində istifadə olunan gəmilərin də pilotsuz uçuş aparatları (PUA) ilə vurulduğunu bəyan edib.

Nazirliyin açıqlamasında gecə saatlarında Ukraynanın Kiyev və Odessa vilayətlərindəki müxtəlif hədəflərin vurulduğu qeyd olunub.

Kiyev vilayətinin Şçastlivoye yaşayış məntəqəsində yerləşən "BDU Logistic" mərkəzinin vurulduğu bildirilən bəyanatda mərkəzin anbarlarında hərbi təyinatlı məhsulların saxlanıldığı və paylanıldığı diqqətə çatdırılıb.

Açıqlamada Boyarka yaşayış məntəqəsində Ukraynanın hərbi sənaye obyektlərinə qaz tədarük edən paylayıcı stansiyanın da hədəf alındığı ifadə edilib.

Odessa vilayətində isə Odessa limanında Ukrayna ordusuna yük daşıyan quru yük gəmisinin vurulduğu barədə məlumat paylaşılıb.

İzmail limanında hərbi təyinatlı yüklərin boşaldılması və saxlanılmasında istifadə olunan liman infrastrukturunun hədəf alındığı bildirilən açıqlamada Odessa limanına Ukrayna ordusu üçün yük daşıyan başqa bir quru yük gəmisinin də hərəkətdə olarkən vurulduğu qeyd olunub.

Ayrıca nazirlik gecə ərzində Rusiya ərazisinə göndərilən Ukraynaya məxsus 244 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb.