İsrail qüvvələrinin "Qlobal Sumud" yardım gəmilərini blokadaya almasından sonra Türkiyə və Avropanın böyük şəhərlərində nümayişlər keçirilib.
İsrailin Qəzzaya doğru hərəkət edən "Qlobal Sumud" yardım gəmilərinə hücumuna etiraz etmək üçün yüzlərlə insan ABŞ-ın İstanbuldakı Konsulluğu qarşısında toplaşıb.
"TRT World" hadisə yerindən xəbər verib ki, etirazçılar şüarlar səsləndirib, Qəzzada fələstinlilər üçün dua ediblər və beynəlxalq ictimaiyyəti soyqırım kimi gördükləri hadisələrə qarşı çıxış etməyə çağırıblar.
Oxşar etirazlar Avropanın bir sıra şəhərlərində də baş verib. Romada tələbələr və müxtəlif həmkarlar ittifaqlarının üzvləri də daxil olmaqla yüzlərlə nümayişçi Termini stansiyasının qarşısındakı "Piazza dei Cinquecento" meydanında toplaşıb.
Etirazçılar “Gəlin Donanma və Fələstin üçün hər şeyi bağlayaq” şüarları səsləndirərək, nəqliyyatın qarşısını kəsiblər. Polis metro stansiyalarını bağlayıb və terminala girişi məhdudlaşdırıb.
İtaliyanın "Unione Sindacale di Base" (USB) və "Confederazione Generale Italiana del Lavoro" (CGIL) həmkarlar ittifaqları insidentə cavab olaraq oktyabrın 3-də ümummilli tətil elan ediblər.
Barselonada yüzlərlə insan İsrailin donanmaya müdaxiləsini pisləmək və Qəzzadakı fələstinlilərlə həmrəylik nümayiş etdirmək üçün İsrail konsulluğu qarşısına toplaşıb.
Berlində Mərkəzi Vağzalda toplaşanlar, Brüsseldə isə etirazçılar "Place de la Bourse"dən Belçika Xarici İşlər Nazirliyinə doğru yürüş ediblər.
Yardım gəmilərinə basqın
"Qlobal Sumud" donanmasının yardım daşımasını təşkil edənlər bildiriblər ki, İsrail Hərbi Dəniz Qüvvələri beynəlxalq sularda kommunikasiyanı kəsdikdən sonra gəmiləri ələ keçirib. Qəzza Blokadasını Yarmaq üzrə Beynəlxalq Komitə (ICBSG) bildirib ki, İsrail əsgərləri “Alma” və “Sirius” gəmilərinə miniblər. Fəallar sosial şəbəkələrdə İsrail qayıqlarının konvoya yaxınlaşdığını və gəmilərə istiqaməti dəyişməyi göstəriş verdiyini əks etdirən videolar paylaşıblar. Qeyd edək ki, humanitar yardım və tibbi ləvazimat daşıyan donanma avqustun sonunda yola düşüb və bu gün səhər Qəzza sahillərinə çatması planlaşdırılırdı.
Bu, illər sonra Qəzzaya göndərilən bu böyüklükdə ilk yardım karvanı idi. Donanma 45-dən çox ölkədən 532 mülki könüllü ilə birlikdə təxminən 50 gəmidən ibarət idi.
Xatırladaq ki, Qəzzada olan 2,4 milyon fələstinli 18 ilə yaxındır İsrailin blokadası altında yaşayır.









