Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də Ankarada Prezident iqamətgahında keçirilən növbəti Nazirlər Kabinetinin iclasından sonra mətbuat konfransında çıxış edib. Prezidenti R.T.Ərdoğan çıxışı zamanı bildirib ki, Türkiyə dövləti Qəzza, Suriya, Somali və Liviya kimi “qan və göz yaşları ilə yoğrulmuş” bölgələrdə sülh və ədalətin bərqərar olması üçün apardığı siyasətlə dünyaya insan hüquqları sahəsində nümunə göstərir.
Ölkə rəhbəri R.T.Ərdoğan bildirib ki, bu bölgələrdə davam edən münaqişələr ciddi humanitar fəsadlara yol açır. Onun sözlərinə görə, bu proseslər ilk növbədə yaşamaq hüququ olmaqla, İnsan Hüquqları Ümumdünya Bəyannaməsinin kobud şəkildə pozulduğunu açıq şəkildə göstərir.
Dövlət başçısı vurğulayıb ki, İsrailin son iki il ərzində Qəzzada bütün dünyanın gözü qarşısında törətdiyi müharibə cinayətləri və soyqırım İnsan Hüquqları Ümumdünya Bəyannaməsinin pozulmasına dair ən açıq və təkzibolunmaz sübutdur.
Prezident R.T.Ərdoğan deyib: “Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ümumdünya Bəyannaməsi bölgədə baş verən münaqişələr zamanı tapdalanır.”















