Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin təşkilatçılığı ilə sabah Özbəkistanın paytaxtı Daşkənddə "Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon" başlıqlı panel təşkil olunacaq.
İdarədən verilən məlumata görə, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət və hökumət başçılarının 13-cü Zirvə Görüşü 29-30 oktyabr tarixlərində paytaxt Ankarada keçiriləcək.
Zirvə görüşündən əvvəl TDT-yə üzv və müşahidəçi ölkələrdə "Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon" mövzusunda panel silsiləsi təşkil edilir.
Bu çərçivədə panel silsiləsinin üçüncüsü sabah Özbəkistanın paytaxtı Daşkənddə baş tutacaq. Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran da iştirakçılara video-görüntü vasitəsilə müraciət edəcək.
TDT-nin regional və qlobal miqyasda nüfuzunun artırılması, Türk dünyasının ortaq məqsədin müxtəlif ictimaiyyətlərə çatdırılması və ölkələr arasında akademik, mədəni, habelə ictimai əlaqələrin gücləndirilməsi məqsədilə keçirilən panel proqramında, Ankarada təşkil olunacaq TDT 13-cü Zirvə Görüşü ilə bağlı gözləntilər də müzakirə ediləcək.



























