İranın xarici işlər naziri Abbas Əraqçı İsrailin baş naziri Benyamin Netanyahunu həbs olunmaqdan yayınmaq üçün ABŞ-ni İranla növbəti müharibəyə sürükləməkdə ittiham edib.
Abbas Əraqçı Benyamin Netanyahunun İran əleyhinə bəyanatlarına sosial media hesabında reaksiya verib. O qeyd edib ki, Netanyahu həbsə girməmək üçün ABŞ-ni yeni müharibəyə sövq edir və bunun İsrail ilə ABŞ rəhbərliyi üçün doğuracağı təhlükəli nəticələri nəzərə almır.
İranlı nazir ölkəsinin hücumlardan daha da güclənərək çıxdığını vurğulayaraq deyib: "Yenidən şansınızı sınamaq istəyirsiniz? Buyurun. Amma ehtiyatlı olun, bizim də yarımçıq qalmış hesabımız var".
"The Times of Israel" nəşrinin məlumatına görə isə İsrailin Baş naziri Benyamin Netanyahu 27 oktyabr seçkilərinin vacibliyinə toxunaraq təhlükəsizlik doktrinasına "İran rejimini devirmək" məqsədini daxil etdiklərini bəyan edib. İrandakı iqtisadi vəziyyətin daxili etirazları artıracağını iddia edən Netanyahu rejimin süquta uğramasını təmin etmək üçün hərtərəfli plan hazırladıqlarını və bütün təhlükəsizlik strukturlarına müvafiq tapşırıq verdiyini diqqətə çatdırıb.























