2026-cı il FIFA Dünya Çempionatında iştirak edəcək ölkələr və futbolcular ilə bağlı bəzi məqamlar açıqlanıb. FIFA-dan verilən məlumata görə, ABŞ, Kanada və Meksikada keçiriləcək turnirdə meydana çıxacaq 48 komandanın 1248 futbolçudan ibarət heyəti məlum olub.
Açıqlamada deyilir: "Bu turnir qlobal miqyasda bir turnirdir. Yarış hər zamankından daha çox ölkəyə, futbolçuya və azarkeşə qapılarını açır."
357 futbolçu turnirə geri dönür
Ən azı bir dəfə Dünya Çempionatının heyətində yer almış 357 futbolçu bu turnirə də dəvət alıb. 891 oyunçu isə bu mötəbər yarışda ilk dəfə çıxış edəcək.
Turnirdə iştirak edəcək ən yaşlı oyunçu şotlandiyalı Kreyq Qordon (43 yaş) ilə ən gənc futbolçu meksikalı Xilberto Moradır (17 yaş). Bu iki futbolcu arasında nə az, nə çox 25 il yaş fərqi var.
Yarışa 20 yaşından aşağı 22 futbolçu, 40 və daha yuxarı yaşda isə 7 oyunçu dəvət edilib.
Dünya Çempionatında daha əvvəl çempionluq sevinci yaşamış 22 futbolçu da yenidən turnirə qayıdır.
Kabo-Verde, Kürasao, İordaniya və Özbəkistan yığmaları ilk dəfə iştirak edir
Kabo-Verde, Kürasao, İordaniya və Özbəkistan FIFA Dünya Çempionatında ilk dəfə mübarizə aparacaqlar.
FIFA Dünya Çempionatında 2010-cu ildə Portuqaliyanı, 2014, 2018 və 2022-ci illərdə isə İranı çalışdırmış Qananın portuqaliyalı baş məşqçisi Karlos Keyros, Bora Milutinoviçdən (1986–2002) sonra ardıcıl beş turnirdə fəaliyyət göstərən ikinci baş məşqçi olacaq.
L.Messi, K.Ronaldo və Q.Oçoa 6-cı Dünya Çempionatında mübarizə aparacaqlar
Argentinalı ulduz Lionel Messi, Portuqaliya millisinin əfsənəvi dünya ulduzu Kriştianu Ronaldo və Meksika millisinin qapıçısı Qilyermo Oçoa altıncı FIFA Dünya Çempionatı macərasına hazırlaşırlar.
Qeyd edək ki, FIFA Dünya Çempionatının reqlamentinə əsasən, komandanın ilk oyununun start fitinə 24 saat qalana qədər ciddi zədə və ya xəstəlik səbəbindən futbolçu dəyişikliyinə icazə verilir.

















