DÜNYA
2 dəqiqə oxuma
ABŞ rəsmisi: "Əgər Netanyahu Qəzza sazişini pozarsa Tramp onu cəzalandıracaq''
ABŞ-ın yüksək vəzifəli bir rəsmisi bildirib ki, əgər İsrail Baş naziri Benyamin Netanyahu İsrail ilə “Həmas” arasında əldə olunmuş atəşkəs razılaşmasını pozarsa, bu addım ABŞ prezidenti Donald Trampın ciddi reaksiyasına səbəb olacaq.
ABŞ rəsmisi: "Əgər Netanyahu Qəzza sazişini pozarsa Tramp onu cəzalandıracaq''
ABŞ rəsmisi: "Əgər Netanyahu Qəzza sazişini pozarsa Tramp onu cəzalandıracaq''
24 oktyabr 2025

ABŞ-ın yüksək vəzifəli bir rəsmisi bildirib ki, əgər İsrail Baş naziri Benyamin Netanyahu İsrail ilə “Həmas” arasında əldə olunmuş atəşkəs razılaşmasını pozarsa, bu addım ABŞ prezidenti Donald Trampın ciddi reaksiyasına səbəb olacaq. Məlumat İsrailin “Kanal 12” telekanalı tərəfindən yayımlanıb.

Xəbərdə qeyd olunur ki, bu açıqlamalar rəsmi Vaşinqton ilə Təl-Əviv arasında gərginliyin artdığı bir vaxtda səslənib. Gərginliyin əsas səbəbi İsrail parlamentinin işğal olunmuş İordan çayının qərb sahilindəki bəzi bölgələrin ilhaqını nəzərdə tutan qanun layihəsini təsdiqləməsidir.

Məlumata görə, cümə axşamı İsrailə səfərini başa vuran ABŞ vitse-prezidenti Cey Di Vens Knessetin bir gün əvvəl ilhaqla bağlı qanun layihəsini təsdiqlədiyini öyrənəndə təəccüblənib. Təl-Əvivdəki Ben Qurion hava limanında jurnalistlərə açıqlama verən Vens səsverməni tənqid edərək bildirib ki, əgər bu siyasi məqsədlərlə atılmış addımdırsa, deməli, olduqca düşünülməmiş bir qərardır və şəxsən mən bundan ciddi narahatam.

İsrail rəsmisi “Kanal 12”yə bildirib ki, Netanyahuya bir neçə gün əvvəl atılan addımın güclü reaksiyaya səbəb olacağı barədə məlumat verilsə də, o, səsvermənin qarşısını almaq üçün heç bir tədbir görməyib. Knesset isə ilhaqla bağlı qanun layihəsini təsdiqləyib. Qanunun qüvvəyə minməsi üçün daha üç səsvermənin keçirilməsi tələb olunur.

Qeyd edilir ki, bu qanun layihələri prezident Donald Trampın ötən ay “İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyini” açıq şəkildə bildirməsinə baxmayaraq təsdiqlənib.

ABŞ vitse-prezidenti Cey Di Vens isə oktyabrın 10-da qüvvəyə minən atəşkəsi qorumaq məqsədilə İsrailə səfər edib.