Şərhlər
MƏDƏNİYYƏT
3 min read
“Bollivud”da müsəlmanların dəyişən siması
“Bollivud” Hindistanın 100 ildən artıqdır ki, hind dilində film istehsal edən sənaye sahəsidir. Bunlar təkcə əyləncə deyil, həm də Hindistan cəmiyyətinin özünü necə gördüyünü göstərir. Bəs “Bollivud”da müsəlmanların təsviri Hindistanın dəyişən sosial və siyasi mənzərəsini necə əks etdirir?
00:00
“Bollivud”da müsəlmanların dəyişən siması
15 noyabr 2024

1959-cu ildə Yaş Çopra adlı gənc bir rejissor ilk işi olan “Toz içində çiçək” (Dhool Ka Phool) bədii filmini buraxdı. Burada vacib bir mesajı olan mahnı var idi: "Tu Hindu banega na Musalman banega, insaan ka aulad hai insaan banega". Tərcüməsi budur ki, "Sən nə hindu, nə müsəlman, bir İnsan kimi böyüyəcəksən." Bu fikir o dövrün Hindistanında vacib idi. Ölkə dini təməlli ərazi bölünməsindən təzə-təzə sağalırdı. Çopranın filmi tərk edilmiş hindu uşağına baxan müsəlman adamdan danışırdı. O, dini iş birliyinin müsbət obrazını təqdim edirdi.

Sonrakı 20 il ərzində bir çox film də müsəlmanları Hindistan cəmiyyətinin ayrılmaz üzvləri kimi göstərdi. 1977-ci ildə çəkilən məşhur “Amar, Əkbər, Entoni” ("Amar, Akbar, Anthony") dini müxtəlifliyin bariz nümunəsidir. Bu filmdə hər biri fərqli dində böyümüş üç qardaşdan  danışılır: Hinduizm, İslam və Xristianlıq. Lakin onları ümumi insanlıq hislləri birləşdirirdi. Amma artıq “Bollivud”un müsəlmanları təsviretmə tərzi dəyişməyə başlayıb.

6 dekabr 1992-ci ildə əsas hadisə baş verdi. O gün hindu millətçiləri tərəfindən tarixi bir məscid dağıdıldı. Babri məscidinin dağıdılması iğtişaşlara səbəb oldu və hindu millətçiliyini körüklədi. Bu hadisə filmlərdə müsəlmanların təsviredilmə tərzinə mənfi təsir etdi.

1992-ci ildən sonra hind filmləri müsəlmanları fərqli şəkildə göstərməyə başladı. İndi onlar düşmən və ya milli təhlükəsizliyə təhdid kimi təsvir edilirdi. 1992-ci ilin "Roja" filmi bu yeni stereotipləri təqdim edən ilk filmlərdən biri oldu.

  Zaman keçdikcə film sektorunu bu mənfi abu-hava bürüdü. "Sarfarosh" və "Fanaa" kimi filmlər bu tendensiya ilə davam etdi. Bu, sadəcə hərəkətli döyüş filmlərində deyil, digər janrlarda da özünü göstərirdi. Məsələn, "Fanaa" Hindistana qarşı hücumlar planlaşdıran Kəşmir üsyançısına aşiq olan kor Kəşmir qadını haqqında sevgi hekayəsidir.

2014-cü ildə hindu milliyyətçi görüşlərə malik siyasi partiya Hindistan seçkilərində qalib gəldi. Bundan sonra filmlər müəyyən ideologiyaları daha açıq şəkildə təbliğ etməyə başladı. "Padmavat" və "Tanhaji" kimi tarixi filmlər müsəlman tarixi şəxsiyyətləri mənfi təqdim etdi.

  Son illər anti-müsəlman mövzulu bəzi filmlər güclü hökumət dəstəyi alıb. Məsələn, “Kəşmir sənədləri” (The Kashmir Files) və “Kerala əhvalatı” (The Kerala Story) üçün kino biletləri daha çox tamaşaçı cəlb etmək üçün BJP tərəfindən idarə olunan ştatlarla vergidən azad olundu. “Kəşmir sənədləri" hinduların Cammu və Kəşmirdən köçündən bəhs edir, "Kerala əhvalatı" isə DAİŞ-ə xidmət etməyə məcbur qalan insan alveri qurbanı qadınlardan.

Filmlərdə müsəlmanların bu cür təsvir edilməsindəki dəyişiklik narahatedicidir. Axı filmlər təkcə əyləncə deyil, həm də insanların cəmiyyətdəki başqaları haqqında düşünmə tərzini formalaşdıra bilir. Sual olunur: “Bollivud” bu yolla davam edəcək, yoxsa biz qızıl dövrün böyük ruhuna qayıdış görəcəyik?

"Amar, Əkbər, Etoni" filmindəki sevimli Əkbər kimi obrazların yenidən ekranlarımızı bəzəyib-bəzəməyəcəyini yalnız zaman göstərəcək. Amma bir şey dəqiqdir: kinonun cəmiyyətin fikirlərini formalaşdırma gücü həmişə olduğu kimi böyükdür.

Yazı Nilosri Bisvasın (Nilosree Biswas) “TRT World” üçün rəy məqaləsindən idi.