TÜRKİYƏ
2 dəqiqə oxuma
ASEAN Türkiyəyə Dialoq Tərəfdaşı statusu verdi
Türkiyənin xarici işlər naziri bu addımı mühüm diplomatik uğur kimi qiymətləndirərək Ankaranın bu statusa yiyələnən 12 ölkə arasında yer aldığını bildirdi
ASEAN Türkiyəyə Dialoq Tərəfdaşı statusu verdi
ASEAN Cənub-Şərqi Asiyada ticarətə, iqtisadi artıma və diplomatiyaya təkan verən əsas regional blokdur.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirlərinin Manilada keçirilən iclasında qəbul edilən qərarla Türkiyə ASEAN-ın Dialoq Tərəfdaşı statusunu əldə edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 21-də "X" sosial şəbəkəsində etdiyi paylaşımda qeyd edib ki, bu nəticə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən, beynəlxalq gündəmi və qlobal sistemi formalaşdırmağa qadir olan çoxşaxəli xarici siyasətin təzahürüdür.

Fidan vurğulayıb ki, bu status Türkiyəni əvvəllər yalnız 11 ölkənin malik olduğu, tam üzvlükdən bir pillə aşağı olan xüsusi tərəfdaşlıq kateqoriyasına yüksəldir.

Xarici işlər naziri Ankaranın 2024-cü ildə təqdim etdiyi rəsmi müraciəti dəstəkləyən həmkarlarına, hazırda ASEAN-a sədrlik edən Filippin rəhbərliyinə və prosesə koordinatorluq etdiyi üçün ASEAN Katibliyinə təşəkkürünü bildirib.

Qlobal diplomatiyada yeni mərhələ

Fidanın sözlərinə görə, bu irəliləyiş Türkiyənin Asiya-Sakit Okean regionundakı mövqeyini möhkəmləndirmək baxımından strateji əhəmiyyət kəsb edir. Ankara bu bölgəni öz qlobal diplomatiyasının "şərq oxu" kimi müəyyənləşdirir.

Nazir əlavə edib ki, yeni status Ankaranın ASEAN regionuna dair uzunmüddətli strategiyasını irəli aparmağa və mövcud birgə layihələri reallaşdırmağa təkan verəcək.

Türkiyənin ASEAN ilə institusional əlaqələrinin təməlinin 2010-cu ildə qoyulduğunu xatırladan Fidan o vaxtdan bəri bir çox sahədə əməkdaşlığın genişləndiyini və ikitərəfli ticarət dövriyyəsinin 6,5 milyard dollardan 16 milyard dollara çatdığını diqqətə çatdırıb.

Dialoq Tərəfdaşı statusunun əldə edilməsi ilə Ankara təxminən 700 milyonluq əhaliyə və 4 trilyon dollardan çox ümumi daxili məhsula malik ASEAN bloku ilə siyasi və iqtisadi əlaqələri daha da dərinləşdirməyi hədəfləyir.

Hakan Fidan bəyanatının sonunda bu yeni mərhələnin həm Türkiyə, həm də ASEAN-a üzv ölkələr üçün xeyirli olmasını arzulayıb.