Türkiyə milli futbol komandası 2026-cı il FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsinin pley-off yarımfinalında Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək pley-off finalına yüksəlib.
“Beşiktaş Park” stadionunda keçirilən gərgin qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb. “Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər müdafiəni yararaq Ferdi Kadıoğluna dəqiq pas ötürüb. F.Kadıoğlu topu nəzarətə götürərək soyuqqanlı şəkildə zərbə vurub və Türkiyəni hesabda önə keçirib.
Türkiyə millisi hesabda önə keçdikdən sonra özünəinamını artırıb və qısa müddət sonra fərqi artırmağa çox yaxın olub. “Yuventus” klubunun futbolçusu Kenan Yıldız sol cinahdan mərkəzə doğru irəliləyərək vurduğu qüvvətli zərbə ilə dirəyi nişan alıb.
Rumıniya hesabı bərabərləşdirmək üçün hücumlarını artırsa da, Türkiyə millisi müdafiədə intizamlı çıxış edərək üstünlüyünü qoruyub saxlayıb və matçı qələbə ilə başa vurub.
Qeyd edək ki, əldə edilən bu qələbə Türkiyəni 31 mart tarixində keçiriləcək pley-off finalına çıxarıb. Bildirilir ki, Türkiyə millisi bir sonrakı qarşılaşmada Kosovo yığması ilə üz-üzə gələcək.











