DÜNYA
1 dəqiqə oxuma
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində iki fələstinli ölüb
2025-ci il oktyabrın 10-dan qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində daha iki fələstinli həlak olub, beş nəfər isə yaralanıb
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində iki fələstinli ölüb
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində iki fələstinli ölüb / Reuters
14 saat əvvəl

2025-ci il oktyabrın 10-dan qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində daha iki fələstinli həlak olub, beş nəfər isə yaralanıb.

Məlumata görə, Qəzzanın şimalındakı Cəbəliya bölgəsinin pilotsuz uçuş aparatları (PUA) ilə bombalanması nəticəsində yaşlı bir şəxs həyatını itirib. Bundan əlavə, Xan Yunis şəhərinin cənubundakı Kizan əl-Nəccar bölgəsinə edilən hücumda 46 yaşlı bir fələstinlinin həlak olduğu bildirilib.

Tibbi mənbələr Qəzzanın şərqindəki Şucaiyyə məhəlləsində PUA hücumu nəticəsində 23 yaşlı fələstinli qadının boyun nahiyəsindən ağır yaralandığını, Şucaiyyənin Ömər əl-Muxtar küçəsində törədilən digər hücumda isə üç nəfərin xəsarət aldığını, onlardan birinin vəziyyətinin ağır olduğunu qeyd edib. Cəbəliyanın əl-Bələd bölgəsində isə bir fələstinli sinə nahiyəsindən yaralanıb.

Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə əldə edilən və oktyabrın 10-dan qüvvəyə minən atəşkəs razılaşmasına əsasən, İsrail iki il davam edən hərbi əməliyyatlarını dayandırmalıdır. Həmin vaxta qədər baş verən hücumlar nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 72 mindən çox insan həlak olmuş, 171 mindən çox insan isə yaralanmışdı.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail qüvvələri atəşkəs rejimini yüzlərlə dəfə pozub. Razılaşma qüvvəyə mindikdən sonra ümumilikdə 612 fələstinli həyatını itirib, 1640 nəfər isə yaralanıb.