Venesuela prezidenti Nikolas Maduro 2,5 milyon əsgər və milis qüvvəsinin səfərbər olunduğunu açıqlayaraq, ölkəsinin ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə silahlı mübarizəyə hazır olduğunu bildirib.
Bu barədə ölkə başçısı televiziya ilə yayımlanan çıxışında deyib: “Bu gün Venesuela daha çox milli gücə sahibdir, daha birləşmişdir və əgər silahlı mübarizəyə başlamağa məcbur olsaq, müstəqilliyini qorumağa və hər bir halda sülhü bərqərar etməyə daha hazırdır.”
O, həmçinin Vaşinqton rəhbərliyini işğal bəhanəsi kimi hərbi toqquşmanı qızışdırmaqda ittiham edərək deyib: “Onların istədiyi hərbi qarşıdurmadır. Narkotik və qaçaqmalçılıq hekayəsi bir təxribatdır. Məqsəd ölkənin neft ehtiyatlarını nəzarət altına almaq və ölkə sərvətini ələ keçirməkdir. Biz təxribatlara aldanmadıq, aldanmayacağıq da.”
Qeyd edək ki, ABŞ-ın hərbi dəniz qüvvələrini bölgəyə yerləşdirilməsindən sonra Vaşinqton hökumətiylə əlaqələr tamamilə pisləşib. Bildirilir ki, N.Maduronun bu açıqlamalarından bir neçə saat sonra, Venesueladan narkotik daşıdığı iddia edilən bir qayığa ABŞ ordusu tərəfindən zərbə endirilib və nəticədə üç nəfər həlak olub.
Xatırladaq ki, tərəflər arası gərginlik iyul ayında Ağ Evin “Cartel de los Soles” adlı təşkilatı venesuelalı rəsmilərlə əlaqəli olduğu iddiası ilə terror təşkilatı elan etməsindən sonra daha da artıb. Bundan əlavə, ABŞ N.Maduronun tutulması üçün 50 milyon dollar mükafat təklif edib və narkotiklərlə mübarizə əməliyyatlarının bir hissəsi kimi Karib dənizində hərbi gəmilər yerləşdirib.













