DÜNYA
3 dəqiqə oxuma
Cənubi Sudanda girov götürülən humanitar yardım işçilərinin sayı artıb
Birləşmiş Millətlər Təşkilatı uzun müddətdir ki, Cənubi Sudanı yardım işçiləri üçün ən təhlükəli yerlərdən biri kimi təyin edib
Cənubi Sudanda girov götürülən humanitar yardım işçilərinin sayı artıb
/ AP
11 sentyabr 2025 г.

Cənubi Sudanda girov götürülən humanitar yardım işçilərinin sayı bu il iki dəfədən çox artıb.

Humanitar yardım agentlikləri xüsusilə ciddi humanitar böhranların yaşandığı bölgələrdə əməkdaşlarının təhlükəsizliyi və həyati əhəmiyyət kəsb edən xidmətlərin dayandırılması ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər.

Müzakirələrlə bağlı məlumatı olan bəzi rəsmilərin bildirdiyinə görə, girov götürülən şəxslərdən bəziləri fidyə müqabilində azad edilib. Lakin tanınmış fəal Edmund Yakani bir çoxunun öldüyünü deyib.

Birləşmiş Millətlər Təşkilatı uzun müddətdir Cənubi Sudanı humanitar yardım işçiləri üçün dünyanın ən təhlükəli bölgələrindən biri adlandırır. Analitiklər isə fidyə müqabilində adam oğurluğu hallarının artmasını yeni və təhlükəli tendensiya kimi qiymətləndirirlər.

Adının açıqlanmasını istəməyən humanitar yardım işçilərinin verdiyi məlumata əsasən, bu il Cənubi Sudanda 30-dan çox yardım işçisi girov götürülüb. Rəsmilər bu rəqəmin 2024-cü ildəki qaçırılma halları ilə müqayisədə iki dəfə çox olduğunu bildiriblər.

Ölkədəki vəziyyəti daha da gərginləşdirən səbəblərdən biri də milli ordu ilə müxalifət qrupları arasında bu il artan toqquşmalardır. Bu toqquşmalar 2018-ci ildə vətəndaş müharibəsinə son qoymaq üçün imzalanmış sülh sazişindən sonra baş verən ən ağır zorakılıq dalğası kimi qiymətləndirilir. Münaqişələr nəticəsində indiyə qədər təxminən 400 000 insan həyatını itirib və ölkədə kövrək milli birlik hökuməti formalaşdırılıb.

Bəzi analitiklər qarşıdurmaların prezident Salva Kirin varisi uğrunda aparıldığını və onun səhhəti ilə bağlı yayılan fərziyyələrin vəziyyəti daha da gərginləşdirdiyini qeyd edirlər.

Məlumata görə, yerli humanitar yardım işçisi Ceyms Unquba ötən ay Qərbi Ekvatoriya əyalətinin Tambura bölgəsində girov götürülüb və sentyabrın 3-də həyatını itirib.

Cənubi Sudan ordusunun sözçüsü "Associated Press"ə müsahibəsində Unqubanın ölümündən xəbərsiz olduğunu bildirib və əlavə suallara cavab verməkdən imtina edib.

Yardım təşkilatları bildirirlər ki, bu cür hallar Uqanda, Konqo Demokratik Respublikası, Mərkəzi Afrika Respublikası və Cənubi Sudanın cənub sərhədləri boyunca yerləşən ucqar bölgələrdə yüz minlərlə insanın həyati əhəmiyyət kəsb edən xidmətlərə çıxışını ciddi şəkildə məhdudlaşdırır.

İyul ayında "Sərhədsiz həkimlər" təşkilatı yardım konvoyunda olan bir əməkdaşının girov götürülməsindən sonra Cənubi Sudandanın iki rayonunda fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Təşkilatın Cənubi Sudandakı missiyasının rəhbəri Ferdinand Atte bu barədə deyib:

‘‘Humanitar yardım agentliklərinin rəsmiləri bildirirlər ki, bu olayların arxasında konkret olaraq kimin dayandığı hələ müəyyən edilməyib’’.

Ölkənin ən böyük müxalifət lideri və vitse-prezidenti Riek Maçar Efiopiya sərhədi yaxınlığında ordu bazasını ələ keçirən yerli silahlı qrupla əlaqədə olduğu üçün ev dustaqlığına buraxılıb.

Həmin vaxtdan etibarən milli ordu digər üsyançı qruplara, xüsusilə 2018-ci il sülh sazişini imzalamayan və hökumətə qarşı silahlı mübarizə aparan Milli Azadlıq Cəbhəsinə (NAS) qarşı hərbi əməliyyatları gücləndirib.

BMT və əksər beynəlxalq yardım təşkilatları fidyə ödənişindən imtina siyasətinə ciddi şəkildə əməl etsə də, danışıqlardan xəbərdar olan bir neçə mənbə "Associated Press" agentliyinə bildirib ki, girov götürülən şəxslərin ailələri bəzən ödənişi təmin etmək üçün neytral vasitəçilərdən xüsusilə də kilsələrdən istifadə edirlər.

Bundan əlavə, bu ilin əvvəlində ABŞ prezidenti Donald Trampın administrasiyası Cənubi Sudana göstərilən təcili humanitar yardımın yarıdan çoxunu maliyyələşdirən ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) ləğv etmək qərarına gəlib.