Bu gün (17 yanvar 2026) Suriya ordusu YPG terror təşkilatının Fərat çayının şərqinə çəkilməsindən sonra Hələbin şərqində yerləşən Deyr Hafir şəhərini tam nəzarətə götürdüyünü açıqlayıb.
Ordu Əməliyyatlar Komandanlığı Suriya Ərəb Xəbər Agentliyinə (SANA) bu açıqlamanı verib: “Hələbin şərqindəki Deyr Hafir şəhərində hərbi nəzarətimizin tam təmin edildiyini bəyan edirik”.
Komandanlıq bölmələrinin artıq Fərat çayının qərbindəki qonşu Maskane və Dibsi Afnan ərazilərinə doğru irəliləməyə başladığını bildirib.
Suriya ordusu bu gün səhər radələrində bölmələrinin Deyr Hafirdən başlayaraq Fərat çayının qərbindəki ərazilərə girməyə başladığını açıqlayıb. Təhlükəsizliklə bağlı narahatlıqlara diqqət çəkən Suriya ordusu mülki şəxsləri minalar və müharibə qalıqları təmizlənənə və tam təhlükəsizlik təmin edilənə qədər bölgədəki təyin olunmuş hərbi əməliyyat ərazilərinə girməməyə çağırıb.
Bu addım Fəratın qərbindəki ordunun əməliyyatı ilə hədəf alınan YPG terror təşkilatının başçısı Ferhat Abdi Şahinin təşkilatının ünsürlərinin yerli vaxtla səhər saat 7:00-dan (GMT üzrə səhər saat 4:00) etibarən çayın şərqindəki ərazilərə çəkiləcəyini iddia etməsindən sonra atılıb.
13 yanvarda Suriya ordusu Fəratın qərbindəki əraziləri, xüsusən də Deyr- Hafir və Maskaneni hərbi zonalar elan etdi və mülki şəxslərin təxliyəsi üçün M15 magistral yolunda humanitar dəhlizlər açdıqdan sonra müəyyən edilmiş terrorçu hədəflərinə qarşı əməliyyata başladı.
Yanvarın 12-də Suriya ordusu Maskane və Deyr-Hafir şəhərləri yaxınlığında daha çox YPG yaraqlısı və devrilmiş rejimin ünsürlərini aşkar etdikdən sonra Hələbin şərqinə əlavə qüvvələr yerləşdirdi.
2025-ci ilin mart ayında Suriya prezidentliyi ölkənin ərazi bütövlüyünü təsdiqləyən və SDG-nin dövlət qurumlarına inteqrasiyası da daxil olmaqla bölünmə cəhdlərini rədd edən bir razılaşma elan etdi.
Lakin rəsmilər YPG-nin bu razılaşmanın şərtlərinə əməl etmədiyini bildirdilər.
24 illik hakimiyyətdən sonra 2024-cü ilin dekabr ayında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya hökuməti ölkə daxilində təhlükəsizliyi bərpa etmək səylərini artırdı.














