DÜNYA
1 dəqiqə oxuma
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin bir gecədə Ukraynaya məxsus 660 pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb / Reuters

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin bir gecədə Ukraynaya məxsus 660 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb. Nazirliyin iyunun 26-da dövlət tərəfindən idarə olunan "Max" platformasında yaydığı açıqlamada dronların paytaxt Moskva, ilhaq edilmiş Krım yarımadası, Qara dəniz və Azov dənizi də daxil olmaqla bir çox regionda məhv edildiyi bildirilib.

Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində hərəkət edən ən azı 47 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini diqqətə çatdırıb. Sobyanin rəsmi "Telegram" kanalında yaydığı bəyanatda itki və ya dağıntı barədə məlumat verməyib. O, mütəxəssislərin qalıqların düşdüyü ərazilərdə işlədiyini qeyd edib.

Moskvadan təxminən 180 kilometr cənubda yerləşən Tula vilayətinin qubernatoru Dmitri Milyayev də bölgədə "genişmiqyaslı" PUA hücumunun qeydə alındığını təsdiqləyib. Milyayevin sözlərinə görə, Şekino rayonundakı yaşayış məntəqələrindən birində bir evə ziyan dəyib və hadisə nəticəsində bir qadın yaralanıb.

Qeyd edək ki, Ukrayna son dövrlərdə Rusiyanın enerji infrastrukturunu hədəf alır. Rəsmi Kiyev bu addımlarla Rusiyanı mühüm maliyyə və gəlir mənbələrindən məhrum etməyi hədəfləyir.

Xatırladaq ki, Ukraynanın keçən həftə həyata keçirdiyi oxşar hücum nəticəsində Moskvanın cənub-şərqində yerləşən neft emalı zavodunda güclü yanğın baş vermişdi.