Azərbaycan dövlət xəbər agentliyi “Azərtac”a istinadən bildirilir ki, Azərbaycan ərazisinin İran mənşəli pilotsuz uçuş aparatları ilə vurulmasından bir gün sonra rəsmi Bakı Tehrandakı səfirliyin və Təbrizdəki baş konsulluğun təxliyə edilməsi barədə göstəriş verib. Məlumata görə, İran bu hücumları ABŞ və İsrailin hücumlarına cavab olaraq həyata keçirib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 6-da keçirilən brifinqdə bildirib ki, təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlər görülür və bölgədə artan gərginlik səbəbindən ölkənin silahlı qüvvələri ən yüksək hazırlıq səviyyəsinə gətirilib.
C.Bayramov qeyd edib ki, araşdırmanın nəticələri əldə olunduqdan sonra müvafiq qərarlar qəbul ediləcək.
Nazir həmçinin bildirib ki, diplomatik nümayəndəliklərə təxliyə üçün təxminən 1.000 müraciət daxil olub və onların böyük əksəriyyəti Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Kuveytə səfər edən Azərbaycan vətəndaşlarından gəlib.
Xatırladaq ki, martın 5-da Azərbaycan Xarici İşlər Nazirliyi Naxçıvanın İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları ilə vurulduğunu və onlardan birinin Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına dəydiyini açıqlamışdı. Həmçinin başqa bir pilotsuz uçuş aparatı da Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Bu hücumlar İsrail və ABŞ-nin fevralın 28-dən etibarən İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatların davam etdiyi bir vaxtda baş verib. Bildirilir ki, həmin əməliyyatlar nəticəsində min nəfərdən çox insan həlak olub, ölənlər arasında İranın Ali dini lideri Əli Xamenei və yüksək rütbəli hərbi rəsmilər də var.
Qeyd edək ki, İran tərəfi isə İsraili və ABŞ-nin hərbi bazalarının yerləşdiyi bir sıra ölkələri hədəf alaraq pilotsuz uçuş aparatları və raketlərlə cavab hücumları həyata keçirir.








