İstanbulda keçirilən 9-cu “TRT World” Forumunda çıxış edən Qırğızıstanın sabiq baş naziri Comərt Otorbayev Türkiyənin diplomatik vasitəçi kimi artan təsirini, Avropa ilə Asiya arasında oynadığı körpü rolunu və Türk dövlətləri arasında mədəni-iqtisadi inteqrasiyaya öncülük edən rolunu yüksək qiymətləndirib.
Forumun bağlanış mərasimində çıxış edən C.Otorbayev Türkiyəni “Avropa qitəsindən Asiyaya uzanan mühüm bir körpü” və formalaşmaqda olan yeni dünya nizamında “getdikcə daha təsirli bir ölkə” kimi xarakterizə edib.
Forumun son günündə “TRT World”a müsahibə verən C.Otorbayev bildirib ki, Türkiyənin Rusiya–Ukrayna müharibəsində vasitəçilikdən tutmuş Qəzza böhranında humanitar yardımlara qədər uzanan fəal diplomatik səyləri ölkəni həm regional sabitlik amilinə, həm də Qlobal Cənubun etibarlı səsinə çevirib.
C.Otorbayevin sözlərinə görə, Türkiyə coğrafi mövqeyinin unikal olması sayəsində daha təsirli bir dövlətə çevrilir. Avropaya qonşudur, eyni zamanda Asiyaya açılan bir qapı rolunu oynayır. Bu bənzərsiz mövqe Türkiyənin qlobal təsirini daha da gücləndirir.
O, əlavə edib ki, Türkiyənin qlobal diplomatiyadan rəqəmsal iqtisadiyyata qədər artan rolu bu ilki “TRT World” Forumunun əsas mövzusu olan “Qlobal Reset” anlayışının ruhunu əks etdirir: “Türkiyənin səsi getdikcə daha çox eşidilir; təkcə vasitəçi kimi deyil, həm də bölgələr, mədəniyyətlər və ideyalar arasında körpü kimi.”
Türk dünyasında yeni inkişaf mərhələsinə doğru
C.Otorbayev rəsmi Ankaranın türkdilli ölkələrin vətəndaşları üçün iş icazəsi prosedurlarını sadələşdirmə qərarını alqışlayıb və bunu ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, qarşılıqlı etimadı gücləndirmək və əməkdaşlığın keyfiyyətini artırmaq baxımından çox mühüm addım adlandırıb.
Sabiq Baş nazir C.Otorbayev deyib: “Türkiyə Respublikası Türk Dövlətləri Təşkilatı çərçivəsində konstruktiv rol oynayır, dostluğu möhkəmləndirir, iqtisadi əlaqələri inkişaf etdirir və xalqlar arasında mədəni əlaqələri artırır.”
“TRT World” Forumunda “Mərkəzi Asiyada Mədəni Diplomatiya və Ortaq Kimlik: Regional Əməkdaşlıq və Bağlantı Yolları” mövzusunda keçirilən paneldə çıxış edən C.Otorbayev vurğulayıb ki, Türk dövlətləri arasında iqtisadi əlaqələrin güclənməsi mədəni əlaqələrlə dəstəklənməlidir.
C.Otorbayev deyib: “İqtisadi münasibətlərimiz inkişaf edir, lakin bir-birimizi mədəni baxımdan da tanımalıyıq. Coğrafi məsafə bizi uzaqlaşdırır, lakin hər bir dövlətin səmimi səyləri sayəsində yaxınlaşırıq.”
C.Otorbayev əlavə edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində keçiriləcək ortaq festivallar, təhsil proqramları və mədəni mübadilələr regional əməkdaşlığı və sabitliyi möhkəmləndirməkdə mühüm rol oynayacaq: “Mədəni paylaşmaların institusional xarakter alması yaxın vaxtlarda real nəticələr verəcək.”
Türkiyənin fəal diplomatiyasını yüksək qiymətləndirən C.Otorbayev qeyd edib ki, ölkənin növbəti yüksəliş mərhələsi elmin, texnologiyanın və innovasiyanın inkişafına əsaslanmalıdır: “Müasir dünyada innovasiya və rəqəmsal iqtisadiyyat sahəsində uğur, qlobal lider olmaq üçün həlledici amildir. Türkiyə artıq bu istiqamətdə mühüm rol oynayır; ölkədə bir çox təhsil ocaqları, elmi kəşflər və yeni məhsullar var. Türkiyənin gənc rəqəmsal yönümlü əhalisi ölkənin gələcək inkişafına real təkan verəcək.”
“Qlobal Reset” və G2 diplomatiyasının dönüşü
Forumun əsas mövzusu olan “Qlobal Reset: Köhnə Nizamdan Yeni Reallıqlara” mövzusuna toxunan C.Otorbayev bildirib ki, ABŞ prezidenti Donald Tramp bu dəyişimi sürətləndirən və yönəldən əsas katalizator olub.
“ABŞ iqtisadi, hərbi və yumşaq güc baxımından dünyanın ən təsirli ölkəsidir, ABŞ-da baş verən hadisələri, onun daxili və xarici siyasətini heç kim görməməzlikdən gələ bilməz”, – deyə C.Otorbayev qeyd edib.
O vurğulayıb ki, D.Trampın “Amerikanı Yenidən Böyük Et” (MAGA) şüarına baxmayaraq, ikinci prezidentlik dövründə həyata keçirdiyi yenilənmiş qlobal fəallıq beynəlxalq münasibətləri yenidən formalaşdırıb.
C.Otorbayev bildirib: “Ümid edirəm ki, onun fəaliyyəti və ideyaları dünyamızı bütün bəşəriyyət üçün daha ədalətli bir yerə çevirməkdə mühüm rol oynayacaq.” O, həmçinin qeyd edib ki, 6 noyabrda beş Mərkəzi Asiya lideri prezident Donald Tramp ilə Vaşinqtonda keçiriləcək “C5+1” sammitində bir araya gələcək.
C.Otorbayev həmçinin ABŞ prezidenti Donald Tramp ilə Çin Xalq Respublikası sədri Si Cinpin arasında Cənubi Koreyanın Busan şəhərində keçirilən və D.Tramp tərəfindən “G2 Zirvəsi” adlandırılan görüşün əhəmiyyətinə diqqət çəkib.
“G2 planetimizdə ən mühüm dialoq formatıdır. İqtisadi və yumşaq güc baxımından açıq fərqlə öndə olan iki böyük dövlətin dialoqa ehtiyacı var. Bəzən onların mövqeləri zidd olsa da, dialoq həmişə qarşılıqlı anlaşmanı və münasibətlərin daha yaxın, daha təhlükəsiz olmasına yönələn ideyaları doğurur”, – deyə sabiq Qırğızıstan Baş naziri bildirib.
O xəbərdarlıq edib ki, belə bir dialoq olmadan təhlükəli proseslər baş verə bilər. Busan görüşünü doğru istiqamətdə atılmış addım kimi qiymətləndirən C.Otorbayev bildirib ki, həm rəsmi Vaşinqton, həm də Pekin rəhbərliyi bu görüşü məhsuldar hesab edir. “Daha az gərgin bir dünya üçün daha çox dialoq lazımdır; həm zirvələr, həm də qurumlararası əməkdaşlıq vasitəsilə”, – deyə o vurğulayıb.
Qlobal Cənubun G2-nin dominantlığındakı bir dünyanı qəbul edib-etməyəcəyi ilə bağlı suala cavabında C.Otorbayev deyib ki, qlobal idarəçilik “sıfır nəticəli oyun” kimi qiymətləndirilməməlidir: “Bu, biri ya da digəri prinsipi ilə olmamalıdır; hər ikisi eyni anda mümkündür. G2, G7, G20 ilə yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS kimi formatlarda da dialoqa ehtiyac var. Dünyada nə qədər çox dialoq olsa, bir o qədər təhlükəsiz və sabit bir sistem qurular.”
C.Otorbayev əlavə edib ki, ÇXR sədri Si Cinpinin qlobal idarəetmə təşəbbüsünün tərəfdarıdır və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun illərdir müdafiə etdiyi “Dünya beşdən böyükdür” prinsipinə əsaslanan BMT islahatı çağırışını bir daha dəstəkləyir.
“BMT-nin mövcud strukturu 1945-ci ildə, İkinci Dünya müharibəsinin nəticəsi olaraq formalaşdırılıb. Lakin dünya dəyişib. Təhlükəsizlik Şurası genişləndirilməli, Qlobal Cənub ölkələrinin səsi daha çox eşidilməlidir. Əks halda, BMT quruluşu hamımızın arzuladığı qədər təsirli olmayacaq”, – deyə C.Otorbayev yekunda bildirib.






















.png?width=512&format=webp&quality=80)



