Fransada artan yaşayış xərclərinə qarşı başlayan etiraz aksiyaları kütləvi iğtişaşlara çevrilib. Etiraz aksiyaları nəticəsində küçələr xarabalığa çevrilib. Paris merinin müavini Emmanuel Qrequar bildirib ki, maskalı gənclər park edilmiş avtomobilləri yandırıb, mağazaları qarət edib və bir çox küçəyə ciddi ziyan vurublar. Zorakılıq hallarının həddindən artıq kəskinləşdiyini bildirən Fransanın Baş naziri Sebastyan Lekornu 1200 nəfərin saxlanıldığını, 150 polis əməkdaşının isə yaralandığını açıqlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda 550 min insan iştirak edib. Nümayişləri təşkil edən Ümumi Əmək Konfederasiyası (CGT) həmkarlar ittifaqı isə iştirakçıların sayının 800 minə çatdığını bəyan edib.
Təhlükəsizlik qüvvələri onlara daş atan etirazçılara gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib. Sent-Etyen şəhərində polisin müdaxiləsi zamanı istifadə edilən əl qumbarasının partlaması nəticəsində 17 yaşlı gəncin sağ əli qopub.
Aksiyalar zamanı dövlət qurumları da hədəf alınıb. Limoj şəhərində yerləşən 140 illik tarixi bələdiyyə binası maskalı etirazçıların törətdiyi yanğın nəticəsində zərər görüb. Marsel və Lill şəhərlərində də bələdiyyə binalarına basqın edilib.
Səkkiz il əvvəl yanacaq vergisinin artırılmasına qarşı yaradılan "Sarı jiletlilər" hərəkatı da bəyanat yayaraq əhalini gənclərlə birlikdə küçələrə çıxmağa çağırıb. Aksiyaların əsas səbəbi inflyasiya və Yaxın Şərqdəki gərginlik fonında artan yaşayış xərcləridir. Marseldə meriya binasına daxil olan bəzi etirazçılar "Bu, inqilabdır, Bastiliyanı ələ keçiririk!" şüarını səsləndiriblər. Lisey Şagirdləri Birliyinin (LSU) rəhbəri Ryad Rani isə Fransa xalqının qəzəbləndiyi zaman heç vaxt geri çəkilmədiyini vurğulayıb.



















