DÜNYA
1 dəqiqə oxuma
BMT:"Qəzzadakı vəziyyət qəbuledilməzdir"
BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini Ramiz Ələkbərov BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən "Yaxın Şərqdəki vəziyyət’’ mövzusundakı iclasında çıxış edib.

Şura üzvlərini Fələstin ərazilərində artan gərginlik barədə məlumatlandıran Ramiz Ələkbərov İsrailin Qəzzaya hava zərbələrini intensivləşdirdiyini, mülki əhalinin dözülməz şəraitdə yaşadığını və atəşkəsin son dərəcə kövrək olduğunu vurğulayıb. BMT rəsmisi bildirib ki, atəşkəsin elan olunmasından 10 aydan çox vaxt keçməsinə baxmayaraq gərginliyin davam etməsi qəbuledilməzdir. O, regionun təxminən üçdə ikisinə girişin hələ də mümkün olmadığını və bu il Qəzza üçün nəzərdə tutulan maliyyənin cəmi 40 faizinin toplandığını diqqətə çatdırıb.

İşğal altındakı İordan çayının qərb sahilindəki vəziyyəti də qiymətləndirən Ramiz Ələkbərov İsrailin məskunlaşma siyasətinin hüquqi qüvvəyə malik olmadığını bildirib. O, İsrail ordusunun və məskunlaşanların fələstinlilərə qarşı hücumlarınının qəbuledilməz olduğunu bildirərək bu cinayətlərlə bağlı lazımi araşdırma və hesabatlılıq mexanizmlərinin tətbiq edilmədiyini vurğulayıb.

BMT nümayəndəsi həmçinin bildirib ki, İsrailin Şərqi Qüdsün E1 ərazisində 1200-dən çox mənzil tikintisi üçün tender prosesinə başlaması Fələstin dövlətinin qurulması səylərinə ağır zərbə vurur. Ələkbərovun sözlərinə görə, bu plan həyata keçirilərsə, İordan çayının qərb sahilinin şimalı ilə cənubu bir-birindən faktiki olaraq ayrılacaq.