NATO-nun hava hücumundan müdafiə sistemi Türkiyəyə doğru yönələn İrana məxsus ballistik raketi qabaqlayıcı tədbirlər nəticəsində aşkar edərək məhv edib. Bu barədə martın 4-də Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmiləri məlumat veriblər.
Bildirilib ki, raket İraq və Suriya ərazilərini keçdikdən sonra Türkiyənin hava məkanından kənarda vurulub.
Milli Müdafiə Nazirliyi açıqlayıb ki, təhlükəni havada zərərsizləşdirmək üçün istifadə olunan raket əleyhinə müdafiə raketinin bir hissəsi Hatay vilayətinin Dörtyol rayonuna düşüb.
Hadisə nəticəsində hər hansı ölən və ya yaralanan barədə məlumat verilməyib.
Rəsmi Ankara bəyan edib ki, ölkənin milli təhlükəsizliyini qorumaq iradəsi və imkanları ən yüksək səviyyədədir. Qeyd olunub ki, Türkiyə regionda sabitlik və sülhün qorunmasını dəstəkləyir və eyni zamanda öz ərazilərini və vətəndaşlarını hər cür təhlükədən müdafiə etmək üçün tam imkanlara malikdir.
Rəsmilər hər hansı düşmən xarakterli addımın qətiyyətli cavabla qarşılanacağı barədə xəbərdarlıq edərək bütün tərəfləri münaqişəni daha da genişləndirə biləcək addımlardan çəkinməyə çağırıblar.
Türkiyə həmçinin NATO və müttəfiq tərəfdaşlarla məsləhətləşmələrin davam etdiriləcəyini bildirib.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran açıqlamasında bildirib: “Regionda gərginliyi artıra və münaqişənin daha geniş əraziyə yayılmasına səbəb ola biləcək addımlardan çəkinmələri ilə bağlı bütün tərəflərə xəbərdarlığımızı bir daha təkrar edirik.”
O, həmçinin sosial media istifadəçilərini təsdiqlənməmiş məlumatları paylaşmamağa çağırıb.






















