Ərdoğan "Terrorsuz Türkiyə" prosesi ilə bağlı deyib ki, dövlətin prinsiplərindən, millətin dəyərlərindən, şəhid və qazi ailələrinin həssaslıqlarından heç bir halda güzəştə gedilməyəcək.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında şəhid ailələri və qaziləri qəbul edib.
Vətən, millət və bayraq uğrunda canlarından keçən bütün şəhidləri rəhmət və minnətdarlıqla yad edən Ərdoğan qazilərə uzun və sağlam ömür, dünyasını dəyişənlərə isə rəhmət diləyib.
TBMM-nin bu həftə Türkiyəni terror bəlasından xilas etmək məqsədi daşıyan "Terrorsuz Türkiyə" prosesində mühüm addım atdığını xatırladan Prezident deyib:
"Separatçı təşkilat üzvlərinin silahı yerə qoymasını təmin edəcək qanun layihəsi 467 deputatın lehinə səsi ilə qəbul edildi. Bunu çox aydın bilməyinizi istəyirəm: təşkilatı bu mərhələyə gətirən amil millətimizin övladlarının qəhrəmancasına mübarizəsi və dövlətimizin son illərdə müdafiə sənayesində əldə etdiyi uğurlardır. Təşkilat həm ölkə daxilində, həm də xaricdə apardığımız qətiyyətli mübarizə sayəsində separatçı məqsədlərinə çatmağın qeyri-mümkünlüyünü dərk etdi. Nə Suriyada, nə də ölkəmizdə niyyətlərinə çata bilməyəcəklərini qəbul etmək məcburiyyətində qaldılar. Türkiyənin gücü, qüdrəti və regional nüfuzu artıq herkes tərəfindən qəbul edilir. İndi isə bu proseslə həmin səylərin yekun addımını atırıq. Bunu hüquq və demokratiya çərçivəsində, şəhidlərimizin ruhunu incitmədən, böyük həssaslıqla həyata keçiririk".
Prezident Ərdoğan xüsusi olaraq onu da vurğulayıb ki, dövlətimizin keyfiyyətlərindən, millətimizin dəyərlərindən, eləcə də şəhid ailələrimizin və qazilərimizin həssaslıqlarından heç vaxt güzəştə gedilməyəcək.
Jandarma və Sahil Mühafizəsi Akademiyasının buraxılış mərasimindəki çıxışında da Prezident terrorsuz bir Türkiyə və terrorsuz bir region baxışının həyati əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq deyib ki, on minlərlə insanın həyatına son qoyan və ölkəmizin 40 illik tarixinə təsir edən bu məsələni dövlət və millət birliyi ilə birdəfəlik həll edəcəyimizə ümid edirəm.




















