Beynəlxalq Qəzza Mühasirəsinin Yarılması Komitəsinin sədri Yusif Acisə mayın 8-də Qəzzaya gedən yardım missiyasının dayandırılmasından sonra saxlanıldıqları müddətdə İsrailin zorakılıqlarına məruz qalan "Qlobal Sumud Donanması" fəallarının ifadələrini çatdırıb.
Acisə "Anadolu” agentliyi"nə verdiyi açıqlamada ifadə verə bilən bəzi fəalların bir sıra iştirakçıların “döyülmə, sürüklənmə, qandallanma və gözlərinin bağlanması ilə yanaşı, cinsi zorakılığa” məruz qaldığını təsdiqlədiklərini bildirib.
Komitə sədri Acisə “İsrailin törətdiyi pozuntular arasında cinsi hücum və təhqirlərin” də yer aldığını əlavə edərək, baş verənləri “insan ləyaqətinin kobud şəkildə tapdalanması” adlandırıb.
Yusif Acisə həmçinin deyib ki, bu pozuntular İsrailin real simasını, cinayətkar və vəhşi təbiətini, həmçinin bölgə və dünya üçün nə qədər təhlükəli olduğunu üzə çıxarır.
Hadisə qarşısında beynəlxalq birliyin reaksiyasının zəif olduğunu vurğulayan Acisə deyib: “Sionist varlığın etdiklərinə qarşı, xüsusilə Avropa İttifaqından güclübir reaksiya və bunun pislənməməsi bizi şoka saldı. Hesabatlılığın olmaması səbəbindən zorakılıqlarını artıran İsrailə sanksiyalar tətbiq etmək artıq bir zərurətə çevrilib”.
Beynəlxalq Komitə sədri İsrailin bu hərəkətlərini Tel-Əvivin Qəzzada beynəlxalq hüquqa və beynəlxalq qurumlara qarşı törətdiyi cinayətlərin davamı kimi xarakterizə edib.
Acisə hələ də nəzarətdə saxlanılan Braziliya vətəndaşı Tiaqo Avila (Thiago Avila) və İspaniya-İsveç vətəndaşı Saif Əbu Keşəkin azad edilməsini tələb edərək, İsrail rəsmilərinin onları bir neçə gündür saxladığını və dindirməyə davam etdiyini bildirib.
İsrailin Qəzza blokadasını yarmağı və humanitar yardım çatdırmağı hədəfləyən "Qlobal Sumud Donanması"nın 2026-cı il bahar missiyası, 29 apreldə Krit sahillərində İsrail qüvvələri tərəfindən dayandırılıb.
İsrail qüvvələri Qəzzadan təxminən 600 dəniz mili və Yunanıstan ərazi sularından cəmi bir neçə mil uzaqlıqda, fəalları daşıyan gəmilərə hücum edərək beynəlxalq sularda müdaxilə ediblər.
Cəmi 177 fəal saxlanılıb və pis rəftara məruz qalıb. Hesabatlara görə, məcburi şəkildə İsrailə aparıldıqdan sonra sərbəst buraxılmayan Avila və Əbu Keşək dindirmə zamanı ağır fiziki işgəncə və ölüm təhdidlərinə məruz qalıblar.
İsrail 2007-ci ildən bəri Qəzzaya dağıdıcı mühasirə tətbiq edir. Bölgədəki 2,4 milyon insan aclıq həddindədir.
İsrail ordusu 2023-cü ilin oktyabrında Qəzzaya qarşı iki il davam edən amansız hücuma başlayıb. Bu hücumlar nəticəsində 72 mindən çox insan həlak olub, 172 mindən çoxu yaralanıb və mühasirə altındakı bölgədə kütləvi dağıntılar baş verib.








