Rusiya və Ukrayna bir-birini enerji infrastrukturuna gecə saatlarında hava zərbələri endirməkdə ittiham edib.
Volqoqrad qubernatoru Andrey Boçarov bildirib ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın cənub bölgəsindəki enerji infrastrukturuna təşkil etdiyi hücumu dəf edib. Onun sözlərinə görə, qəzaya uğrayan pilotsuz uçuş aparatlarının (PUA) dağıntıları Novonikolayevski rayonundakı Balaşovskaya transformator stansiyasında yanğına səbəb olub. ‘‘Yanğınsöndürənlər hadisəyə vaxtında müdaxilə edib və təmir briqadaları yaxın ərazilərə elektrik enerjisinin verilməsini bərpa etmək üçün çalışır. Yaşayış binalarına zərər dəyməyib, xəsarət alan olmayıb’’,-deyə Andrey Boçarov qeyd edib.
Voronej qubernatoru Aleksandr Qusev isə qonşu bölgəyə endirilən PUA zərbələri nəticəsində bir neçə kəndin işıqsız qaldığını bildirib.
Rusiya Müdafiə Nazirliyi isə bir gecədə 51 Ukrayna PUA-sının vurulduğunu, onlardan 11-nin Volqoqrad vilayəti üzərində məhv edildiyini iddia edib.
Ukraynanın milli neft-qaz şirkəti “Naftoqaz” rəsmi ‘‘Telegram’’ kanalında Rusiyanın bəzi kritik obyektlərə hücum etdiyini, nəticədə bəzi obyektlərin fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb. Şirkət bildirir ki, bu hücumlar qaz hasilatına birbaşa təsir edir və bu itkilərin bir hissəsi idxal hesabına kompensasiya olunur.
Ukraynanın enerji şəbəkələrinin operatoru “Ukrenerqo” isə enerji sistemində yaranan problemlər səbəbindən paytaxt Kiyev və bir neçə regionda elektrik kəsintilərinin baş verdiyini bildirib.
Özəl enerji provayderi DTEK isə Poltava vilayətində qaz hasilatı obyektinin fəaliyyətini dayandırdığını açıqlayıb.
Hucumlara münasibət bildirən Ukrayna prezidenti Volodimir Zelenski deyib: “Ruslar son vaxtlar enerji infrastrukturumuza hər gün hücum edir”. O, Rusiyaya qarşı hərbi və iqtisadi təzyiqi artırmağa çağıraraq, bu qərarların Ukraynanın tərəfdaşlarından asılı olduğunu vurğulayıb. Zelenski deyib: “Müharibənin bitib-bitməyəcəyini tərəfdaşlarımızın gücü birbaşa müəyyən edir”.
ABŞ prezidenti Donald Trampla Vaşinqtonda gözlənilən görüşə də toxunan Zelenski deyib: “Hazırda Yaxın Şərqdə sülh üçün əhəmiyyətli imkan var və bu Avropada da mümkündür. Bu gün və sabah Vaşinqtonda bunu dilə gətirəcəyəm”.
Ukrayna Hərbi Hava Qüvvələri bir gecə ərzində Rusiyanın göndərdiyi 320 PUA-dan 283-nün və 37 müxtəlif tipli raketdən 5-nin məhv edildiyini açıqlayıb.
Ukrayna Baş Qərargahı isə Rusiyanın Saratov Neft Emalı Zavoduna hücum etdiyini bildirib.
Qeyd edək ki, Rusiya rəsmiləri hələlik bu açıqlamalara münasibət bildirməyib.













