Körfez Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Yəməndəki husilərin terror təşkilatı kimi təsnif edilməsi və raket ilə pilotsuz uçuş aparatı əldə etmələrini təmin edən hər cür dəstəyin dayandırılmasına çağırıb.
Bəhreynin xarici işlər naziri Əbdüllətif əz-Zeyyaninin sədrliyi ilə paytaxt Manamada keçirilən KƏŞ 168-ci Nazirlər Kabineti İclasında üzv ölkələrin xarici işlər nazirləri və KƏŞ-in Baş katibi Casim əl-Budeyvi iştirak ediblər.
İclasdan sonra yayımlanan yekun bəyannamədə husilərin terror təşkilatı kimi təsnif edilməsi və beynəlxalq ictimaiyyətin təhlükəsizliyi, sülhü, inkişafı və rifahı təhdid edən terror təşkilatlarına qarşı yanaşmasının husilərə də tətbiq olunması istənilib.
Husilərin raket və pilotsuz uçuş aparatı əldə etməsini təmin edən hər cür dəstəyin dayandırılması çağırışı da edilib.
İclasda regional proseslər müzakirə olunub. İclasın yekun bəyannaməsində ABŞ ilə İran arasındakı böhranın həlli üçün dialoq və diplomatiyaya qayıdılması çağırışı da edilib.
Bəyannamədə Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və azadlığının yenidən təmin edilməsi, KƏŞ ölkələrinin təhlükəsizlik və maraqlarını əhatə edən danışıqlara daxil edilməsi istənilib.
Yekun bəyannamədə, həmçinin KƏŞ üzvü olan ölkələrə və İordaniyaya birbaşa və ya İranın dəstəklədiyi silahlı qruplar vasitəsilə təşkil edilən raket və PUA hücumları pislənilib.
Səudiyyə Ərəbistanı ilə həmrəyliyin vurğulandığı bəyannamədə hər hansı bir üzv ölkəyə qarşı hücumun bütün KƏŞ ölkələrinə edilmiş hesab olunacağı bildirilib.























