Konqo Demokratik Respublikasında ilk altı ay ərzində “Ebola” epidemiyası səbəbilə həyatını itirənlərin sayı təxminən 2.325 nəfərə yüksəlib.
Hökumət qaynaqlarından əldə olunan məlumata görə, bu göstərici 2018-2020-ci illər arasında baş verən epidemiya zamanı qeydə alınan insan təlafatını sayca üstələyib. Beləliklə də, mövcud vəziyyət ölkə tarixinin ən ölümcül “Ebola” epidemiyasına çevrilib.
Konqo Demokratik Respublikasının İctimai Səhiyyə İnstitutu son 24 saatda 101 yeni yoluxma faktının aşkar edildiyini açıqlayıb. Bu göstərici ilə birlikdə ümumi təsdiqlənmiş yoluxma sayı 4.945-ə çatıb.
Xəstəliyin ən sürətlə yayıldığı dövr yaşanır
Birləşmiş Millətlər Təşkilatı (BMT) avqustun 14-də yaydığı bəyanatda epidemiyanın hər 30 dəqiqədə bir nəfərin ölümünə səbəb olduğunu bildirilib. Bununla da virusun ölkədə ən sürətlə yayıldığı dövrü qeydə alınıb.
Məlumata əsasən, Konqo Demokratik Respublikasının 26 əyalətindən altısı epidemiyadan təsirlənib. Yoluxma hallarının 3.400-dən çoxu epidemiyanın ilk dəfə qeydə alındığı şimal-şərq sərhədindəki İturi əyalətində görünüb.
Ölkənin həmsərhəd qonşusu Uqandanın paytaxtı Kampalada təxminən 20 yoluxma faktının qeydə alındığı bildirilib.
Qeyd edək ki, mövcud epidemiyaya səbəb olan və nadir rast gəlinən "Bundibuqyo" ştamı üçün hələlik təsdiqlənmiş peyvənd və ya müalicə üsulu mövcud deyil.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) may ayında Konqo Demokratik Respublikası və Uqandadakı vəziyyəti "beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti" elan etmişdi.
Heyvanlardan insanlara keçən virus qan, bədən mayeləri və yoluxmuş səthlərlə təmas vasitəsilə yayılmağa davam edir.
















