İDMAN
3 dəqiqə oxuma
2026-cı il “Ballon d'Or” mükafatının qalibi Harri Keyn oldu
Kilian Mbappe və Lamine Yamal isə ikinci və üçüncü sırada qərarlaşdı
2026-cı il “Ballon d'Or” mükafatının qalibi Harri Keyn oldu
2026-cı il “Ballon d'Or” mükafatının qalibi Harri Keyn oldu / AFP

2026-cı il kişilər arasında “Ballon d'Or” mükafatını qalibləri oktyabrın 26-da elan olunub. Futbol üzrə ən nüfuzlu fərdi mükafata “Bayern Münhen” klubunun ingiltərəli hücumçusu Harri Keyn layiq görülüb.

Beləliklə də, H.Keyn 2001-ci ildə Maykl Ouendən sonra bu mükafata layiq görülən ilk ingiltərəli futbolçu oldu.

Mükafatlar “London Palladium” teatrında təşkil olunan 70-ci “Ballon d'Or” mərasimində sahiblərinə təqdim edildi.

Qeyd edək ki, sözügedən möhtəşəm tədbir ilk dəfə İngiltərənin paytaxtında keçirilirdi.

33 yaşlı H.Keyn 2025-2026-cı illər mövsümündə “Bayern Münhen” və İngiltərə milli komandasının heyətində keçirdiyi 65 oyunda 73 qol vuraraq mükafatı ilk dəfə qazandı. Bu qolların 61-i Almaniyada həm liqa, həm də kubok çempionluğu yaşayan “Bayern Münhen”in heyətində çıxış etdiyi 51 matçda vurulub.

İngiltərə milli komandasının kapitanı, həmçinin 2026-cı il Dünya Çempionatında altı qol vuraraq ölkəsinin turniri üçüncü pillədə başa vurmasına töhfə verdi.

“Real Madrid” və Fransa milli komandasının hücumçusu Kilian Mbappe səsvermədə ikinci yeri tutdu. “Barselona” və İspaniya milli komandasının cinah hücumçusu Lamine Yamal isə üçüncü sırada qərarlaşdı.

Digər tərəfdən, 32 yaşlı Aleksia Putelyas 2021 və 2022-ci illərdəki qələbələrindən sonra üçüncü dəfə Qadınlar arasında “Ballon d'Or” mükafatını qazandı. O, bu göstərici ilə “Barselona”dakı keçmiş komanda yoldaşı Aitana Bonmatinin rekordunu təkrarladı.

İspaniyalı yarımmüdafiəçi 2025-2026-cı illər mövsümündə “Barselona”nın kapitanı kimi komandasının F Liqası, Kraliça Kuboku, İspaniya Superkuboku və Qadınlar Çempionlar Liqasını qazanaraq mövsümü dörd titulla başa vurmasını təmin etdi.

O, həmçinin Çempionlar Liqasında mövsümün oyunçusu seçildi və İspaniya yığmasının Qadınlar Millətlər Liqasını qazanmasına kömək etdi.

 

Mükafat alan digər şəxslər

“Barselona” və İspaniya yığmasının cinah hücumçusu Lamine Yamal ardıcıl üçüncü dəfə kişilər arasında “İlin gənc istedadı” mükafatına layiq görüldü. “Barselona”nın hücumçusu Viki Lopes isə qadınlar kateqoriyasında ardıcıl ikinci dəfə bu mükafatın sahibi oldu.

İspaniya yığması ilə Dünya Çempionu olan baş məşqçi Luis de la Fuente kişilər arasında “İlin baş məşqçisi” seçildi. “Barselona”dan Pere Romeu isə qadınlar kateqoriyasında ən yaxşı baş məşqçi mükafatını aldı.

“Atletik Bilbao”nun qapıçısı Unai Simon kişilər arasında “İlin qapıçısı” mükafatını qazandı. “Barselona”dan Kata Koll isə qadınlar kateqoriyasında bu titula layiq görüldü.

“Bayern Münhen”in şərəfini qoruyan H.Keyn uğurlu mövsümdən sonra kişilər arasında “İlin hücumçusu” mükafatını aldı. Meksikalı hücumçu Çarlin Korral isə qadınlar arasında “İlin hücumçusu” mükafatını qazanan ilk meksikalı futbolçu kimi tarixə düşdü.

“Barselona” qadınlar arasında “İlin klubu” seçildiyi halda, kişilər kateqoriyasında bu mükafata “Paris Sen-Jermen” layiq görüldü.

“Arsenal” və İngiltərə yığmasının cinah hücumçusu Bukayo Saka humanitar fəaliyyətinə görə “Sokrates Mükafatı” ilə təltif edildi. B.Saka 2022-ci ildə “BigShoe” xeyriyyə təşkilatı ilə qurduğu əməkdaşlıq sayəsində Nigeriyanın Kano şəhərindəki uşaqlar üçün 120 tibbi əməliyyatın maliyyələşdirilməsini təmin etmişdi.

MƏNBƏ:TRT