ABŞ mediasının məlumatına görə, Tramp administrasiyası Amerika qüvvələrini İran müharibəsi zamanı əməkdaşlıq etməyən bəzi NATO ölkələrindən çıxarmağı, daha güclü operativ dəstək təklif edən ölkələrdə isə ABŞ varlığını artırmağı nəzərdən keçirir.
“ABC News” telekanalının xəbərinə görə, Tramp administrasiyası ABŞ qoşunlarını İran müharibəsi zamanı kömək etmədiyini düşündüyü bəzi NATO müttəfiqlərindən çıxarmağı planlaşdırır.
Aprelin 9-da yayımlanan xəbərə görə, ABŞ administrasiyasının rəsmilərindən biri bildirib ki, Birləşmiş Ştatlar İranla son qarşıdurmalar zamanı əməliyyatları dəstəkləməkdə ləng və ya istəksiz görünən bəzi NATO üzvü dövlətlərdəki hərbi varlığını azaltmaq və ya yerini dəyişdirmək planlarını dəyərləndirir.
Rəsmi qeyd edib ki, bu qiymətləndirmə Amerika qüvvələrinin müharibə zamanı az dəstək verən ölkələrdən daha çox yardım göstərən ölkələrdə yerləşdirilməzini nəzərdə tutur. Müzakirələrin nə dərəcədə irəlilədiyi və ya plan tətbiq olunarsa, hansı ölkələrin bundan təsirlənə biləcəyi hələlik qeyri-müəyyən qalır.
Bu addım ABŞ-nin yüksək rütbəli rəsmilərinin müharibə zamanı Avropadakı ortaq hərbi bazaların istifadəsinə qoyulan məhdudiyyətlərlə bağlı tənqidlərindən sonra atılıb. ABŞ Dövlət katibi Marko Rubio müttəfiq ölkələrdəki bazalara operativ giriş məhdud olacaqsa, həmin ölkələrdə Amerika əsgərlərinin yerləşdirilməsinin məntiqini sorğu-sual edib.
NATO-nun Baş katibi Mark Rutte də müttəfiq dəstəyi məsələsinə toxunaraq, bəzi üzv dövlətlərin başlanğıcda, qismi olaraq müharibənin gözlənilməz xarakteri səbəbindən, ləng reaksiya verdiyini etiraf edib. Bununla belə, o, avropalı müttəfiqlərin nəticə etibarilə ABŞ-nin gücünü nümayiş etdirməsində çox mühüm rol oynadıqlarını vurğulayıb.
Rutte həmçinin NATO-nun strateji dəyərini qeyd edərək, alyansı təkcə Avropanın təhlükəsizliyi üçün deyil, həm də ABŞ-nin müdafiəsi üçün zəruri adlandırıb: "NATO əlbəttə ki, avropalıları qorumaq üçün oradadır, amma eyni zamanda Amerika Birləşmiş Ştatlarını da qorumaq üçündür".
ABŞ prezidenti Donald Tramp NATO-nun İran müharibəsinə verdiyi reaksiyadan narazılığını dəfələrlə dilə gətirib. Tramp aprelin 8-də NATO Baş katibi Mark Rutte ilə görüşdükdən sonra "Truth Social" platformasında belə bir paylaşım edib: "NATO ehtiyacımız olanda orada deyildi və yenidən ehtiyacımız olanda da orada olmayacaq".
Ağ Evin sözçüsü Karolin Livitt daha əvvəl verdiyi açıqlamada Trampın NATO-nun bu müharibə zamanı "sınağa çəkildiyini və uğursuz olduğunu" düşündüyünü bildirmişdi. Livitt qeyd edib: "NATO-nun son altı həftə ərzində Amerika xalqına arxa çevirməsi olduqca kədərli haldır, çünki onların müdafiəsini maliyyələşdirən məhz Amerika xalqı idi".












