TÜRKİYƏ
2 dəqiqə oxuma
Rəsmi Ankara İsrailin bəyanatlarına qarşı kəskin reaksiya verdi
Bu cür addımların təkcə İsrail cəmiyyətinə deyil, eyni zamanda regional və qlobal sülh ilə sabitliyə qarşı da ciddi risklər yaratdığı diqqətə çatdırılıb
Rəsmi Ankara İsrailin bəyanatlarına qarşı kəskin reaksiya verdi
Rəsmi Ankara İsrailin bəyanatlarına qarşı kəskin reaksiya verdi / AA [FILE]

Türkiyə dövləti İsrail rəhbərliyinin Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan bəyanatlarına qətiyyətlə etiraz edib. Rəsmi Ankara bu açıqlamaları "tarixi həqiqətlərdən uzaq" adlandırıb.

Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi avqustun 21-də "X" sosial şəbəkəsində yayımlanan bəyanatda bildirib ki, İsrail hökumətinin attığı bu addım müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyətdən yayınmağa çalışan bir rəhbərliyin çarəsizliyini nümayiş etdirir.

İdarə bu bəyanatları İsrailin Baş naziri Benyamin Netanyahu və yaxın ətrafının qismən seçki üstünlüyü əldə etmək istəyən "ucuz siyasəti"nin tərkib hissəsi adlandırıb.

Qeyd olunub ki, bu cür taktikaların nə İsrail cəmiyyətində, nə beynəlxalq ictimaiyyət qarşısında nə də ki Türkiyədə heç bir legitimliyi (qarşılığı) yoxdur.

Həmçinin əlavə edilib ki, bu bəyanatlar Türkiyənin mövqeyinin və R.T.Ərdoğanın ədalətsizlik qarşısında susmamaq qətiyyətinin beynəlxalq ədalət mexanizmləri qarşısında soyqırım ittihamları ilə üz-üzə qalan bir rəhbərliyi nə qədər narahat etdiyini üzə çıxarır.

 

"Ucuz siyasət"

Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi İsrailin seçki kampaniyasının "məsuliyyətsiz və populist" siyasət formalaşdırıdığı barədə xəbərdarlıq edib.

"B.Netanyahu rəhbərliyinin Türkiyəni yeni bir təhdid kimi göstərmək cəhdi də bu ucuz siyasətin bir hissəsidir", – deyə idarənin bəyanatında bildirilir.

Daxili siyasi rəqabət naminə gərginliyin artırılmasının təkcə İsrail cəmiyyətinə deyil, eyni zamanda regional və qlobal sülh ilə sabitliyə də ciddi risklər yaratdığı diqqətə çatdırılıb.

Bəyanatda deyilir: "Türkiyə dövləti həmişə olduğu kimi, zülmün qarşısında və məzlumun yanında durmaqda davam edəcək. Ölkəmiz regionumuzda sülhü, ədaləti və sabitliyi qətiyyətlə müdafiə edəcəkdir".

MƏNBƏ:TRT