DÜNYA
2 dəqiqə oxuma
İsrail qüvvələri Livanın cənubundakı "hər şeyi məhv etməyi" hədəfləyir
İsrail əsgər və zabitlərinin ifadələri ordunun yalnız "Hizbullah" infrastrukturunu hədəf aldığına dair iddiaları təkzib edir
İsrail qüvvələri Livanın cənubundakı "hər şeyi məhv etməyi" hədəfləyir
Livanın cənubu Foto: AFP

Livanın cənubundakı kəndlərdə binaları dağıtmaq üçün hücumlar təşkil etdiklərini etiraf edən İsrail zabitləri və əsgərləri vəzifələrinin "Hizbullah" infrastrukturunu hədəf almaqdan daha geniş olduğunu bildiriblər.

İsrail 2 martdan bu yana rəsmi rəqəmlərə görə ən azı 2 534 nəfərin ölümünə, 7 863 nəfərin yaralanmasına və 1,6 milyondan çox insanın (əhalinin təxminən beşdə biri) didərgin düşməsinə səbəb olan hücumlar başladıb.

17 apreldə başlayan 10 günlük atəşkəs daha sonra 17 maya qədər uzadılsa da, İsrailin hava zərbələri və Livanın cənubundakı evlərin dağıdılması ilə atəşkəs hər gün pozulur.

İsrail ordusu "Hizbullah infrastrukturu"nu hədəf aldığını iddia edərək genişmiqyaslı dağıntıların görüntülərini yayımladığı bir vaxtda, İsraildə nəşr olunan "Haaretz" qəzetinin yazdığına görə, əsgərlər reallığın fərqli olduğunu deyirlər.

Qəzet aprelin 29-da sahədə vəzifə icra edən əsgərlərə istinadən yazıb: “Hazırda etdikləri işlərin böyük bir hissəsi birbaşa “Hizbullah”la döyüşmək deyil, Livanın cənubundakı kəndlərdə binaları sistematik şəkildə dağıtmaqdır”.

Qəzetin məlumatına görə, ordu Livanın cənubundakı "şiə kəndlərini" dağıtmaq planını "Gümüş Saban Əməliyyatı" adlandırır.

"Hizbullah"ın pilotsuz uçuş aparatı təhdidləri

"Haaretz" bildirib ki, hər bir bölməyə mülki podratçılar tərəfindən idarə olunan və qorunması vacib olan buldozerlər ayrılıb. Xəbərdə qeyd olunur: "Sahədəki əsgər və zabitlər açıq ərazilərdə və hərəkət halında olarkən PUA təhdidinin daha pis olduğunu deyirlər".

Həmçinin bildirilib ki, problemlər qüvvələr açıq ərazidə olduqda və özlərini lazımi qaydada qoruya bilmədikdə ortaya çıxır. Livan kəndlərindəki evlərin dağıdılmasının çoxu açıq ərazilərdə baş verir və bu, əsgərləri müdafiəsiz qoyur".

Əməliyyatlarda iştirak edən əsgərlərdən biri deyib: "Orada, açıqda dayanırıq və PUA-lar havadayken evlərin dağıdılma prosesini izləyirik. Bunun heç bir məntiqi yoxdur".

Başqa bir zabit isə: "Hər günün sonunda neçə evin dağıdıldığına dair hesabat gəlir", -deyə bildirib.

“Müharibə bölgəsi”

Əsgərlər həmçinin qəzetə mülki podratçıların dağıntının miqdarına görə ödəniş aldıqlarını söyləyiblər. Bir əsgər: "Biz onları qorumaq üçün oradayıq, həyatımızı riskə atırıq", -deyə danışıb.

Xəbər İsrailin Qəzza və Suriyada tətbiq etdiyi tədbirlərə bənzər şəkildə, sərhədlərindən kənarda bufer zonaları genişləndirməyə yönəlmiş addımlar atdığı bir dövrə təsadüf edir.

İsrail ordusu aprel ayında Qəzza modelini xatırladan addım ataraq, Litani çayının cənubunda sözdə "Sarı Xətt"i, yəni sərhədə qədər uzanan bölgəni "təhlükəsizlik bufer zonası" kimi müəyyən edən xəyali bir sərhədi tətbiq etdiyini elan edib.

İsrailə görə, bu bölgə didərgin düşmüş kəndlilərin geri qayıtmasının qarşısını almaq və hər növ silahlı fəaliyyəti hədəf almaq məqsədilə yaradılıb və atəşkəs razılaşmalarına daxil olmayan bir "münaqişə bölgəsi" kimi təsnif edilib.