Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində "Boko Haram" terror qruplaşmasının silahlıları məktəbə hücum edərək çox sayda şagirdi qaçırıblar. Yerli media orqanlarının məlumatına görə, terrorçular səhər saatlarında Borno əyalətinin Lassa şəhərindəki dövlət liseyinə basqın təşkil ediblər.
Borno əyalət polisinin sözçüsü Nahum Kennet Daso hadisəni təsdiqləyərək bildirib ki, silahlılar əraziyə motosikletlərlə daxil olublar. Sözçünün sözlərinə görə, hücum nəticəsində bir müəllim həyatını itirib, çox sayda şagird isə naməlum istiqamətə qaçırılıb.
Nigeriya Silahlı Qüvvələrinin terrorla mübarizə məqsədilə həyata keçirdiyi "Hadin Kai" əməliyyatının komandiri Məhəmməd Musa Qoni də faktı təsdiqləyib. Qoni Daqqu bölgəsi yaxınlığında qaçan terrorçularla baş verən silahlı toqquşmada bir əsgərin həlak olduğunu qeyd edib. O, keçirilən əməliyyat sayəsində qaçırılan şagirdlərdən 10-nun xilas edildiyini, onların səhhətinin yaxşı olduğunu və hazırda lazımi tibbi-psixoloji dəstək aldıqlarını qeyd edib. Hazırda silahlıların zərərsizləşdirilməsi və digər şagirdlərin xilas olunması üçün bölgədə genişmiqyaslı əməliyyatlar davam etdirilir.
Xatırladaq ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən "Boko Haram" qruplaşması 2009-cu ildən bəri törətdiyi kütləvi terror aktları ilə on minlərlə insanın ölümünə səbəb olub. Terror təşkilatı 2015-ci ildən etibarən fəaliyyət coğrafiyasını genişləndirərək Nigeriyanın qonşuları olan Kamerun, Çad və Nigerdə də qanlı hücumlar həyata keçirib. Qruplaşmanın təkcə Çad gölü hövzəsində törətdiyi cinayətlər nəticəsində azı 2000 nəfər həlak olub, yüz minlərlə insan isə daimi yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.


















