Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada keçirilən 36-cı NATO sammitinin uğurla başa çatdığını bəyan edib. Dövlət başçısı beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunmasına verdiyi töhfələrə görə iştirakçılara, təşkilatçılara və paytaxt sakinlərinə minnətdarlığını bildirib.
Rəsmi "X" səhifəsində Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Prezident İqamətgahında keçirilən sammitdə NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçıları, həmçinin 100-ə yaxın nazir, diplomat və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Prezident sammit zamanı yüksək təhlükəsizlik tədbirləri ilə vətəndaşların hüquq və azadlıqlarının qorunması arasında uğurlu bir tarazlığın yaradıldığını vurğulayıb.
Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, təhlükəsizlik, nəqliyyat və ictimai asayişin təmini prosesi diqqətlə planlaşdırılıb. Liderlərin mühafizəsi və beynəlxalq ictimaiyyətin məlumatlandırılması ilə yanaşı, şəhər sakinlərinin gündəlik həyatının pozulmamasına xüsusi həssaslıq göstərilib.
Sammitin media tərəfinə toxunan dövlət başçısı bildirib ki, Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanası beynəlxalq media mərkəzi kimi fəaliyyət göstərib. Burada mətbuat nümayəndələri üçün 1800 nəfərlik iş sahəsi, 40 montaj studiası və çoxsaylı canlı yayım nöqtələri yaradılıb. Tədbiri 2500-dən çox jurnalist izləyib. TRT-nin koordinasiyası ilə Ankara sammiti 96 kamera, 18 canlı yayım avtomobili vasitəsilə 26 fərqli məkandan bütün dünyaya çatdırılıb.
Prezident bu nəhəng tədbirin Ankaranın beynəlxalq səviyyədə tanıdılmasına böyük töhfə verdiyini diqqətə çatdırıb və sammit boyunca göstərdikləri dözümlülük və qonaqpərvərliyə görə paytaxt sakinlərinə ürəkdən təşəkkür edib.
Hüquq-mühafizə orqanlarından tutmuş texniki heyətə, səhiyyə, nəqliyyat, protokol xidmətlərinə qədər əməyi keçən hər kəsə minnətdarlığını bildirən Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutteyə də sammitin hazırlanmasındakı əməkdaşlığa və səylərinə görə təşəkkür edib.




















