Türkiyə Milli Müdafiə Nazirliyi Şərqi Aralıq dənizindəki dəniz yurisdiksiyası zonaları və İraqın Sincar bölgəsindəki son vəziyyətlə bağlı vacib açıqlamalar verib.
Nazirlik mənbələri Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanmış dəniz sərhədlərinin müəyyən edilməsinə dair Anlaşma Memorandumunun Liviya Nümayəndələr Palatası tərəfindən təsdiqlənməsini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, bu addım Türkiyənin beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan yanaşmasını dəstəkləyən mühüm bir irəliləyişdir.
Şərqi Aralıq dənizinə çıxışı olan ölkələrin qanuni hüquqlarının qorunmasının vacibliyini vurğulayan mənbələr Misirə də çağırış ediblər. Bildirilib ki, Türkiyə qarşılıqlı maraqlar çərçivəsində Misirlə dəniz sərhədlərinin müəyyən edilməsi haqqında saziş imzalamağa hazırdır.
Nazirlik Türkiyənin Şərqi Aralıq dənizindəki hüquq və maraqlarını beynəlxalq hüquq çərçivəsində qorumağa, regional sülh və sabitliyə töhfə verməyə davam edəcəyini bəyan edib.
Nazirlik həmçinin İraq hökumətinin Sincarda dövlət hakimiyyətini bərqərar etmək istiqamətində atdığı addımları müsbət qiymətləndirib. Açıqlamada vurğulanıb ki, bölgənin terror təşkilatlarından təmizlənməsi və təhlükəsizliyin İraqın rəsmi qüvvələri tərəfindən təmin edilməsi Sincarda davamlı sülhün bərqərar olması baxımından böyük əhəmiyyət kəsb edir. Türkiyənin aidiyyəti qurumlarının bu prosesi yaxından izlədiyi diqqətə çatdırılıb.























