DÜNYA
2 dəqiqə oxuma
Pakistan və Suriya ikitərəfli münasibətlərin genişləndirilməsini müzakirə ediblər
Suriya xarici işlər naziri Əsəd Həsən əş-Şeybani 19 ildən sonra Pakistana səfər edən ilk Suriya xarici işlər naziri olub
Pakistan və Suriya ikitərəfli münasibətlərin genişləndirilməsini müzakirə ediblər
Pakistan və Suriya ikitərəfli münasibətlərin genişləndirilməsini müzakirə ediblər /ISPR

Suriya xarici işlər naziri Əsəd Həsən əş-Şeybani 19 ildən sonra Pakistana səfər edən ilk Suriya xarici işlər naziri olub. Tərəflər arasında aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq və regional proseslər diqqət mərkəzində saxlanılıb.

Rəsmi məlumata görə, Ə.Şeybani İslamabadda pakistanlı həmkarı İshaq Dar ilə bir araya gəlib.

Ə.Şeybani 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən bəri ilk iki günlük rəsmi səfəri çərçivəsində avqustun 20-də İslamabada gəlib.

Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində verdiyi bəyanatda tərəflərin mətbuata qapalı formatda "müsbət və konstruktiv" görüş keçirdiyi, Pakistan ilə Suriya arasındakı dərin köklü qardaşlıq əlaqələrinin bir daha təsdiqləndiyi bildirilib.

Nazirlər gorüşdə qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfər proqramı çərçivəsində Ə.Şeybaninin Pakistanın Baş naziri Şahbaz Şərif və digər yüksəksəviyyəli rəsmilərlə də görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, bu, son 19 ildə Suriya xarici işlər nazirinin Pakistana ilk səfəridir. Bura səfər edən sonuncu Suriya XİN rəhbəri 2007-ci ildə Vəlid əl-Müəllim olub. Pakistan nümayəndə heyəti isə ötən ilin iyun ayında Dəməşqdə Ə.Şeybani ilə görüşmüşdü.

Suriya XİN rəhbərinin səfəri İslamabadın avqustun 19-da İsrail qüvvələrinin Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətindəki Əbu əz-Zuhur hərbi hava bazasına təxribatçı hücumunu kəskin pislədiyi dövrə təsadüf edir.

İslamabad və Dəməşq onilliklər boyunca hərbi əməkdaşlıq və təlim mübadiləsi proqramları ilə möhkəmlənən münasibətləri qoruyub saxlayırlar.

Əsəd rejiminin devrilməsindən sonra Pakistanın Dəməşqdəki səfirliyi fəaliyyətini davam etdirsə də, son iki ildə iki ölkə arasında ikitərəfli əlaqələr məhdud xarakter daşıyıb.

Xatırladaq ki, Pakistan və Suriya arasında rəsmi diplomatik münasibətlərin əsası 1949-cu ilin dekabrında qoyulub.