SİYASƏT
1 dəqiqə oxuma
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçiriləcək NATO sammitindən əvvəl ABŞ-nin "New York Times" qəzetinə müsahibə verib
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçiriləcək NATO sammitindən əvvəl ABŞ-nin "New York Times" qəzetinə müsahibə verib. Hakan Fidan sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın alyans daxilindəki fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlarını bildirib. Dövlət başçıları arasındakı yaxın əlaqələrin NATO daxilindəki gərginliyin azaldılmasına mühüm töhfə verə biləcəyinə diqqət çəkən XİN rəhbəri bu əlaqələrin xüsusilə Tramp üçün etimad və dostluq müstəvisində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkiyə ilə Avropa ölkələri arasında alyansın əhəmiyyətinə dair fikir birliyinin olduğunu vurğulayan nazir Hakan Fidan hazırda heç bir ölkənin NATO-nun vacibliyini mübahisə mövzusu etmədiyini bildirib.

Avropa İttifaqı daxilində müdafiə sahəsində müstəqil əməkdaşlığın artırılması meyllərinə də toxunan nazir bu addımların Avropa ölkələrinin NATO qarşısındakı öhdəlikləri ilə tam üst-üstə düşmədiyini ifadə edib. Türkiyə və Avropanın bir-birinin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını bildirən Hakan Fidan Avropada ortaq bir təhlükəsizlik platforması qurulmayana qədər regionda tam sabitliyin və təhlükəsizliyin təmin olunmayacağını vurğulayıb. ABŞ və İran arasında imzalanan son anlaşma memorandumunu da şərh edən Hakan Fidan hər iki tərəfin siyasi iradə baxımından yekun hədəflərə çatmaqda olduqca ciddi yanaşma nümayiş etdirdiyini bildirib.

Regional münaqişələrə də toxunan Hakan Fidan Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə yeni sülh danışıqlarına vasitəçilik etməyə hər an hazır olduğunu bir daha təkrarlayıb.