Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Ukraynanın cənubunda yerləşən və Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasına (AES) pilotsuz uçuş aparatı (PUA) ilə hücum edildiyini açıqlayıb. Agentliyin sosial media hesabında yayımlanan bəyanatda qeyd olunub ki, dron turbin binasına çırpılaraq divarda deşik yaradıb.
Ölkənin dövlət nüvə enerjisi korporasiyası "Rosatom" Ukraynanı qəsdən hücum törətməkdə ittiham edən bəyanat yayımlasa da, Kiyev administrasiyası bu iddiaları qətiyyətlə rədd edib. Ukrayna Xarici İşlər Nazirliyi ittihamları "məntiqsiz" adlandırıb.
"Rosatom"un baş direktoru Aleksey Lixaçev jurnalistlərə açıqlamasında hücumda istifadə olunan dronun fiber-optik kabel vasitəsilə idarə edildiyini və bunun hadisənin təsadüfi olmadığını göstərdiyini irəli sürüb. A. Lixaçev həmçinin bu cür insidentlərin Rusiya və Ukrayna sərhədlərindən kənarda yaşayan insanlara da təsir edə biləcək qlobal bir fəlakət riski yaratdığını vurğulayıb.
Avropanın ən böyük nüvə obyekti olan və Ukraynanın cənubundakı cəbhə xəttinə yaxın yerləşən Zaporojye AES 2022-ci ildə Rusiya qoşunları tərəfindən ələ keçirilib.
O vaxtdan bəri Moskva və Kiyev stansiya ətrafındakı hərbi fəaliyyətlərə görə bir-birini ittiham edir. Regional təhlükəsizliyin kritik həddə çatdığını bildirən BAEA-nın baş direktoru Rafael Qrossi nüvə obyektlərinə hücum etməyin "odla oynamaq" mənasına gəldiyini və stansiyanın təhlükəsizliyini təhdid edən bütün hərbi əməliyyatların dərhal dayandırılmalı olduğunu vurğulayıb.












