Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya yönəlmiş hücumlarını və atəşkəsi növbəti dəfə pozmasını kəskin şəkildə pisləyib. İsrailin bu addımlarının bölgədə sülh və sabitliyin bərpa olunmasına yönəlmiş beynəlxalq səyləri təhlükə altına aldığını bildirib.
Nazirliyin yanvarın 31-də “NSosial” platformasında yayınlanan bəyanatında deyilir: “İsrailin bu gün Qəzzada həyata keçirdiyi hücumları və atəşkəsi davamlı şəkildə pozmasını şiddətlə qınayırıq.”
Bəyanatda hücumların Qəzzada sülh prosesinin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə baş verdiyi vurğulanıb. Qeyd edilib ki, baş verənlər İsrailin bölgədə sülhün təmin olunmasını istəmədiyini bir daha nümayiş etdirir.
Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının qərarları ilə qəbul edilmiş Sülh Planının bütün müddəalarına, ilk növbədə atəşkəsin qorunmasına və Qəzzaya humanitar yardımın fasiləsiz şəkildə çatdırılmasına İsrailin əməl etməsinin təmin edilməsinin vacibliyini bir daha təkrarlayıb.
Açıqlamada beynəlxalq ictimaiyyətin sülh prosesinin irəlilədilməsi istiqamətində üzərinə düşən məsuliyyəti yerinə yetirməsinin mühüm olduğu bildirilib.
Məlumata görə, atəşkəsin oktyabr ayının əvvəlində qüvvəyə minməsindən bu yana İsrailin hücumları nəticəsində 524-dən çox fələstinli həyatını itirib. Son 24 saat ərzində isə Qəzzanın müxtəlif bölgələrində İsrailin həyata keçirdiyi hücumlar nəticəsində daha 37 fələstinli həlak olub.










