DÜNYA
2 dəqiqə oxuma
Türkiyə-ABŞ diaspora təşkilatları Konqresi Türkiyəyə "F-35" satışını təsdiqləməyə çağırıb
Konqresin 50-dən çox üzvünə ünvanlanan birgə müraciətdə Türkiyə-ABŞ diaspora təşkilatları Türkiyənin ABŞ müdafiə sistemlərinə fasiləsiz çıxışının...
Türkiyə-ABŞ diaspora təşkilatları Konqresi Türkiyəyə "F-35" satışını təsdiqləməyə çağırıb
"F-35" satışı / AFP Archive

Konqresin 50-dən çox üzvünə ünvanlanan birgə müraciətdə Türkiyə-ABŞ diaspora təşkilatları Türkiyənin ABŞ müdafiə sistemlərinə fasiləsiz çıxışının NATO-nun birliyini gücləndirdiyini bəyan ediblər.

ABŞ Konqresinin üzvlərinə ünvanlanan rəsmi məktubda yeddi diaspor təşkilatı qanunvericiləri Türkiyəyə "F-35" qırıcı təyyarələrinin satışını dəstəkləməyə çağırıb.

Məktubda vurğulanıb: "Təxminən yetmiş beş ildir NATO müttəfiqi, həmçinin təhlükəsizlik və diplomatiya sahəsində ön cəbhə tərəfdaşı olan Türkiyə Respublikasının ABŞ müdafiə sistemlərinə fasiləsiz çıxışı Amerikanın fundamental strateji maraqlarına xidmət edir. Biz sizdən ABŞ-nin "F-35" qırıcı təyyarələrinin satışını dəstəkləməyinizi, bu əməkdaşlığın qarşısındakı hər hansı əsaslandırılmamış sanksiya və maneələri aradan qaldırmağınızı hörmətlə xahiş edirik.

Bu satışı dəstəkləmək NATO-nun birliyinə, regional sabitliyə və yüksək dəyərə malik ikitərəfli münasibətlərə qoyulan sərmayədir. Dəstəyinizi gözləyir və bu məsələ üzrə ətraflı müzakirələrə hazır olduğumuzu bildiririk".

Məktubu “Assembly of Turkish American Associations”, “Turkish American Coalition”, “Federation of Turkish American Associations”, “Turkish American National Steering Committee”, MUSIAD USA, “Turkish American Chamber of Commerce of the South” ve ASKON USA imzalayıb.

Təşkilatlar ABŞ-Türkiyə münasibətlərinin 1831-ci ilə söykəndiyini, Ankaranın 1952-ci ildən NATO-ya daxil olduğu vaxtdan etibarən rəsmi müqavilə müttəfiqi olduğunu xatırladıblar. Qeyd olunub ki, bu ittifaq Alyansın cənub-şərq sərhədini möhkəmləndirir, İstanbul və Çanakkale boğazlarına nəzarəti təmin edir.

Konstruktiv regional aktor

Məktubda "İncirlik" də daxil olmaqla, Türkiyədəki hərbi bazaların DEAŞ terror təşkilatının məğlub edilməsində həlledici rol oynadığı diqqətə çatdırılıb.

Həmçinin Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki vasitəçilik rolu və Suriyada sabitliyin bərqərar olunması səyləri nəzərə alınaraq, Ankaranın "konstruktiv regional aktor" olduğu vurğulanıb. Ötən ay Konqres üzvlərinə çatdırılan bu müraciət böyük əks-səda doğurub.

Xatırladaq ki, ABŞ Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınmasına etiraz edərək 2019-cu ildə Türkiyəni "F-35" proqramından kənarlaşdırmışdı. Vaşinqton bu sistemlərin NATO standartları ilə uyğunsuzluq təşkil etdiyini və qırıcılar üçün təhlükə yaratdıqlarını iddia edirdi.

Türkiyə isə iki sistem arasında heç bir ziddiyyətin olmadığını defələrlə bəyan edib və məsələni araşdırmaq üçün birgə komissiyanın yaradılmasını təklif edib.

Ötən ay keçirilən NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən ABŞ Prezidenti Donald Tramp Ankaranın "F-35" proqramına qayıtmasını "mütləq şəkildə" nəzərdən keçirəcəyini və Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyalarını ləğv etmək niyyətində olduğunu bildirib.