Brüsselin enerji, müdafiə, texnologiya və innovasiya sektorlarında Ankara ilə əməkdaşlığı dərinləşdirməyə çalışdığı bir vaxtda, Belçika xarici işlər naziri Maksim Prevot 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin 13 milyar dolları keçdiyini bildirib.
Belçika xarici işlər naziri Belçika ilə Türkiyə arasındakı iqtisadi və texnoloji tərəfdaşlığın getdikcə gücləndiyini vurğulayaraq, iki ölkənin bir çox strateji sektorda bir-birini son dərəcə tamamlayan güclərə sahib olduğunu söyləyib.
Kraliça Matildanın (Mathilde) başçılığı ilə Türkiyəyə təşkil edilən səfər çərçivəsində Türkiyə-Belçika Biznes Forumunun açılışında çıxış edən Maksim Prevot kraliçanın iştirakının Brüsselin Ankara ilə olan əlaqələrə verdiyi önəmi əks etdirdiyini bildirib.
Prevot “Bu kiçik bir detal deyil. Bu, Belçikanın Türkiyə ilə olan münasibətinə verdiyi önəmi hər hansı bir çıxışdan daha mənalı şəkildə ortaya qoyur” deyib.
İkitərəfli əlaqələrin təxminən iki əsrlik siyasi, iqtisadi və diplomatik əməkdaşlıq üzərində qurulduğunu qeyd edən Prevot Belçikadakı türk diasporunun rolunu da vurğulayıb.
Belçika xarici işlər naziri Prevot ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün güclü potensiala malik beş sektoru qeyd edib: yaşıl enerji keçidi, aviasiya və müdafiə, limanlar və loqistika, həyat elmləri və biotexnologiya, həmçinin rəqəmsal transformasiya.
“Bunlar təsadüfi seçilmiş sektorlar deyil” deyən Prevot hər iki ölkənin də “dünya səviyyəli təcrübə və innovasiyaya” malik olduğunu əlavə edib.
Prevot Belçikanın Türkiyəyə ixracatının 2025-ci ildə 6,5 milyar avroya (7,6 milyar dollar) çatdığını, dərman və kimyəvi maddələrin bu ixracatda ön sırada olduğunu, Türkiyənin Belçikaya ixracatının isə 5,6 milyar avro (6,5 milyar dollar) təşkil etdiyini və bu ixracatın əsas bəndlərinin nəqliyyat vasitələri və əsas metallar olduğunu bildirib.
“Belçika eyni zamanda Türkiyədəki ən önəmli səkkizinci investordur” deyən Prevot yüzlərlə iş yeri yaradılması gözlənilən layihələrə toxunaraq, Belçikadakı artan türk investisiyalarını da məmnunluqla qarşılayıb.
Belçika xarici işlər naziri “Türk şirkətlərinin artıq Belçikaya investisiya qoymağa başladığını görməkdən çox məmnunuq” deyə danışıb.
Prevot türk sənayesini Avropadakı dəyərli sənaye zəncirlərinə bağlama prosesində Aİ-Türkiyə Gömrük İttifaqının önəmini vurğulayarkən, ticarətin “hekayənin sadəcə bir hissəsi” olduğunu da qeyd edib.
Flamand Bölgəsinin Baş Naziri Mattias Dipendale (Matthias Diependaele) isə loqistika, qabaqcıl istehsalat, enerji keçidi və texnologiya sahələrində artan əməkdaşlığa toxunaraq Türkiyəni “gələcək üçün strateji tərəfdaş” kimi xarakterizə edib.
Dipendale “Bu nümayəndə heyəti aydın bir mesaj verir. Buraya iddia, inam və güclü bir iş düşüncəsi ilə gəldik” deyərək, iki ölkə arasındakı uzunmüddətli iqtisadi tərəfdaşlıqları gücləndirməyi hədəfləyən heyətə iş dünyasından 500-dən çox liderin qatıldığını sözlərinə əlavə edib.
Türkiyə-Belçika Biznes Forumunda İkitərəfli Ticarət Əlaqələrinin İnkişafına Dair Birgə Bəyannamə Türkiyənin ticarət naziri Ömər Bolat, Belçikanın xarici işlər naziri Prevot və Belçikanın müdafiə naziri Teo Franken (Theo Francken) tərəfindən imzalanıb.













