Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz 15 iyul 2016-cı il tarixində baş vermiş uğursuz çevriliş cəhdi ilə bağlı bildirib ki, 15 iyuldan sonrakı onillik Türkiyə üçün hərtərəfli yenidənqurma dövrü olub. O qeyd edib ki, dövlətin bütün qurumları bu çətin təcrübədən lazımi dərsləri çıxarıb, dəyişən təhlükəsizlik mühitinə və yeni təhdidlərə cavab vermək üçün daha güclü bir qabiliyyət qazanıblar.
Məlum olduğu kimi, 15 iyul 2016-cı ildə Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri Ankara və İstanbulda həyata keçirdikləri hərbi çevriliş cəhdi ilə Türkiyə Respublikası hökumətini devirməyə çalışıblar. Hadisələr zamanı mülki əhaliyə atəş açan, komandirlərinə tabe olmayan və Türkiyə Böyük Millət Məclisi ilə Prezident İqamətgahını bombalayan çevrilişçilərin hücumları nəticəsində 253 nəfər həyatını itirib, minlərlə insan isə yaralanıb.
Ankarada SETA tərəfindən təşkil edilən "15 iyul çevriliş cəhdinin onuncu ildönümündə" adlı simpoziumda çıxış edən Cevdet Yılmaz bildirib ki, bu cəhdin məqsədi xalqın iradəsi ilə qurulmuş qanuni hakimiyyəti devirmək, dövlət qurumlarını təşkilata tabe etmək və Türkiyənin gələcəyini millətin deyil, bu qruplaşmanın istəyinə uyğun idarə etmək olub. Cevdet Yılmaz qeyd edib ki, Türkiyə Böyük Millət Məclisinin bombalanması, Prezident İqamətgahının və Prezident Rəcəb Tayyib Ərdoğanın birbaşa hədəf alınması, həmçinin təhlükəsizlik qurumlarına yönəlmiş hücumlar FETÖ-nün əsl məqsədinin nə olduğunu açıq şəkildə nümayiş etdirir.
C.Yılmaz bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türk xalqının nümayiş etdirdiyi tarixi müqavimət bu planı pozub və dövlət idarəçiliyində yeganə qanuni mənbəyin məhz xalqın iradəsi olduğunu bir daha sübut edib. O vurğulayıb ki, bu gün Türkiyə dövləti təhdidlərə sadəcə anlıq reaksiya verməklə kifayətlənmir, riskləri əvvəlcədən təhlil edən, lazımi tədbirləri vaxtında görən və böhranları effektiv şəkildə idarə edən güclü institusional potensiala malikdir. Vitse-prezident qeyd edib ki, bu sahədə toplanmış zəngin təcrübə Türkiyənin bölgədə üzərinə düşən məsuliyyəti də artırır.



















