Azərbaycan Prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib.
Görüş zamanı nazir A.Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib. Nazir ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslanan əlaqələrin Azərbaycan və Türkiyə prezidentləri arasında mövcud olan səmimi münasibətlər sayəsində daha da inkişaf etdiyini vurğulayıb. Türkiyənin ədliyyə naziri dövlət başçısının güclü liderliyi ilə Azərbaycanın inkişaf etdiyini deyərək, bu xüsusda Azərbaycanın iqtisadi tərəqqisinə, beynəlxalq nüfuzunun daha da artmasına və tarixi Qarabağ Zəfərinə toxunub.
Akın Gürlek Azərbaycanın regionda enerji, nəqliyyat və logistika layihələrinin, xüsusilə də Zəngəzur dəhlizi kimi strateji təşəbbüslərin reallaşmasında mühüm rol oynadığını bildirərək Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb. Görüşdə Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, eyni zamanda iki ölkənin ədliyyə nazirlikləri arasında səmərəli əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.




























