Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş bildirib ki, səkkiz ay əvvəl elan edilən atəşkəsə baxmayaraq, Qəzzada qeyri-müəyyənlik və humanitar böhran davam edir. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, sözügedən atəşkəs dövründən bəri İsrailin zərbələri nəticəsində ən azı 981 fələstinli həyatını itirib, 3104 nəfər isə yaralanıb. 2023-cü ildən etibarən bölgədə davam edən hərbi əməliyyatlar nəticəsində isə qətlə yetirilən fələstinlilərin sayı 72 991 nəfərə çatıb.
BMT-nin Uşaq Fondu (UNICEF) Qəzzada və işğal altındakı İordan çayının qərb sahilində çoxsaylı uşağın ölümünə və yaralanmasına səbəb olan son hücumlardan sonra İsraili fələstinli uşaqların təhlükəsizliyini təmin etmək üçün qətiyyətli addımlar atmağa çağırıb. UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Eduard Beyqbeder İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhəri yaxınlığında 7 aylıq körpənin ölümü ilə nəticələnən silahlı basqına və İsrail ordusunun Qəzzaya son hücumu zamanı 8 uşağın həyatını itirməsinə diqqət çəkib.
Zorakılığın yeni normaya çevrilməsinə icazə verməyəcəklərini vurğulayan Beyqbeder uşaq ölümlərinin qlobal qəzəbə səbəb olmalı və ən kəskin şəkildə pislənilməli olduğunu bildirib. Eduard Beyqbeder Şərqi Qüds daxil olmaqla, İordan çayının qərb sahilində uşaqların və ailələrin hədəf alınmasını, evlərindən didərgin salınmasını, eləcə də məktəb, xəstəxana və su xətlərinin vurulmasını uşaq hüquqlarının açıq şəkildə tapdalanması kimi qiymətləndirib. O, İsrail hakimiyyətini uşaqların öldürüldüyü və ya şikəst edildiyi hər bir insidentlə bağlı şəffaf, etibarlı və ətraflı araşdırma aparmağa, eləcə də bunu törədənlərin məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıb.







