Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçiyə Türkiyə hava məkanının pozulmasının “qəbuledilməz” olduğunu bildirib.
Diplomatik mənbələr qeyd edir ki, iki nazir arasında baş tutan telefon danışığının əsas mövzusu yaxın vaxtlarda həyata keçirilmiş raket hücumu zamanı Türkiyə hava məkanının pozulması olub. Bu hadisə rəsmi Ankaranın Tehran rəhbərliyindən izahat və təminat tələb etməsinə səbəb olub.
Türkiyə Xarici İşlər Nazirliyinə istinadən bildirilir ki, martın 10-da (bu gün) baş tutan telefon danışığı zamanı nazir H.Fidan həmkarı A.Əraqçiyə Türkiyənin öz suverenliyini qorumaq üçün bütün zəruri tədbirləri görməkdə davam edəcəyi barədə xəbərdarlıq edib.
Nazir H.Fidan həmçinin bütün tərəflərin regional təhlükəsizliyə zərər verə biləcək və mülki şəxslər üçün risk yarada biləcək addımlardan çəkinməsinin vacibliyini vurğulayıb.
A.Əraqçi isə Türkiyə hava məkanına doğru yönələn raketlərin İrandan buraxılmadığını bildirərək, məsələ ilə bağlı geniş araşdırmanın davam etdiyini qeyd edib.
“Patriot” hava hücumundan müdafiə sistemləri
Türkiyə martın 10-da davam edən regional gərginlik fonunda ölkənin hava məkanının qorunması üçün yeni addım atıldığını açıqlayıb. NATO ilə koordinasiya çərçivəsində ölkənin şərqində bir “Patriot” hava hücumundan müdafiə sisteminin operativ vəziyyətə gətirilməsi üçün hazırlıq görülür.
Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir: “Türkiyə Silahlı Qüvvələrimizin ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək əzmi qətidir.”
Bəyanatda əlavə olunub ki, bölgədə baş verən son hadisələr fonunda ölkənin sərhədlərinin və hava məkanının təhlükəsizliyi üçün zəruri tədbirlər görülür və bu istiqamətdə NATO və müttəfiqlərlə məsləhətləşmələr aparılır.
Açıqlamada həmçinin bildirilib ki, milli təhlükəsizlik tədbirləri ilə yanaşı, alyansın regional müdafiə mövqeyi də gücləndirilir. Bu çərçivədə milli səviyyədə atılan addımlara əlavə olaraq NATO tərəfindən hava və raketdən müdafiə tədbirlərinin artırılıdığı qeyd olunub.
Qeyd edək ki, NATO-nun hava hücumundan müdafiə sistemləri martın 9-da İrandan buraxılaraq Türkiyəyə doğru yönəlmiş daha bir raketi də zərərsizləşdirib. Beləliklə, bu hadisə son bir həftə ərzində İran raketlərinin Türkiyə hava məkanına daxil olması ilə bağlı ikinci insident olub.















