Rəsmi məlumatlara görə, Türkiyə əhalisi 2025-ci ildə əvvəlki illə müqayisədə 427 224 nəfər artaraq 86,09 milyona çatıb.
Türkiyə Statistika İdarəsinin (TÜİK) 9 fevral tarixli hesabatına əsasən, ölkə əhalisinin 50,02%-ni kişilər, 49,98%-ni isə qadınlar təşkil edir. Əhalinin illik artım tempi 2024-cü ildəki 1000 nəfərə 3,4-dən, 2025-ci ildə 5-ə yüksəlib.
Şəhər və rayon mərkəzlərində yaşayanların nisbəti 93,4%-dən 93,6%-ə yüksəlib. Kənd əhalisinin payı isə 6,6%-dən 6,4%-ə düşüb. Türkiyənin ən çox əhaliyə malik şəhəri olan İstanbulun əhalisi bir ildə 52 451 nəfər artaraq 15,75 milyona çatıb.
İstanbulu müvafiq olaraq 5,9 milyon nəfərlə Ankara, 4,5 milyonla İzmir, 3,26 milyonla Bursa və 2,77 milyon əhalisi ilə Antalya izləyir. Ölkə əhalisinin orta yaşı 2024-cü ildəki 34,4-dən 34,9-a yüksəlib.















