TÜRK DÜNYASI
2 dəqiqə oxuma
Türk Dünyası Bəstəkarlar İttifaqı yaradıldı
Azərbaycanda keçirilən Türk Dünyası Bəstəkarlarının I Qurultayından sonra Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkmənistanın iştirakı ilə Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılmasına qərar verildi
Türk Dünyası Bəstəkarlar İttifaqı yaradıldı
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

Türk Mədəniyyəti və İrsi Fondunda türk dövlətlərinin bəstəkarlarını, musiqişünaslarını və böyük musiqi qurumlarının nümayəndələrini bir araya gətirməyi hədəfləyən Türk Dünyası Bəstəkarlar İttifaqının təsis olunmasına dair iclas keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın ev sahibliyi ilə baş tutan iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistanın musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İclasda Türk Dünyası Bəstəkarlar İttifaqının yaradılması və quruma 2027-ci ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin rəhbərlik etməsi qərara alınıb.

Raimkulova Türk Dünyası Bəstəkarlar İttifaqının yaradılması ilə türk xalqlarının zəngin irsinin yeni əsərlər, peşəkar əməkdaşlıq və beynəlxalq mədəni dialoq üçün mənbəyə çevrildiyi canlı bir musiqi məkanı formalaşdırmağı hədəflədiklərini bildirib.

"Türk Dünyası musiqisinin beynəlxalq aləmdə təbliği məqsəd qoyulur"

Onun sözlərinə görə, İttifaqın yaradılmasında əsas məqsəd Türk dünyasının musiqi ictimaiyyətinin nümayəndələrini bir araya gətirəcək, ümumi musiqi irsinin qorunmasına və təbliğinə, peşəkar əməkdaşlığın inkişafına və müasir musiqinin tanıdılmasına töhfə verəcək peşəkar platforma formalaşdırmaqdır.

“Biz bu sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarla da əməkdaşlıq etmək niyyətindəyik. Məsələn, ənənəvi musiqi və rəqs sahəsində mütəxəssisləri birləşdirən “ICTMD” artıq 20 ildən çoxdur fəaliyyət göstərir. Yaratdığımız İttifaqın xüsusiyyəti ondan ibarətdir ki, burada bəstəkarlar, musiqişünaslar, art-menecerlər və prodüserlər bir araya gələcəklər”, – deyə Aktotı Raimkulova bildirib.

Fondun prezidenti vurğulayıb ki, İttifaqın əsas vəzifələrindən biri türk musiqisinin və Türk dünyası bəstəkarlarının yaradıcılığının birgə təbliği, eləcə də gənc müəlliflərə və yeni yaradıcılıq təşəbbüslərinə dəstək göstərilməsi olacaq.

“Hazırlanmış yol xəritəsinə uyğun olaraq, hər il müxtəlif ölkələrdə plenumların və qurultayların keçirilməsi planlaşdırılır. İttifaqa sədrliyin rotasiya prinsipi əsasında bir ölkədən digərinə keçməsi nəzərdə tutulur. Beləliklə, biz musiqi irsinin qorunması və təbliği, müasir musiqinin tanıdılması və Türk dünyasında peşəkar əlaqələrin möhkəmləndirilməsi üçün səylərimizi birləşdirməyə çalışırıq”, – deyə Aktotı Raimkulova əlavə edib.

Musiqi irsinin qorunması və rəqəmsallaşdırılmasının da ittifaqın vəzifələri sırasında yer alacağını qeyd edən Raimkulova partituralar, əlyazmalar, arxiv materialları, səs və video yazılarının qorunacağını, yeni nəsil musiqiçilər və tədqiqatçıların bu irsə əlçatanlığının təmin ediləcəyini diqqətə çatdırıb.