SİYASƏT
4 dəqiqə oxuma
Avropa Danimarkanı dəstəkləyir, Trampın Qrenlandiyanı ələ keçirmək cəhdini rədd edir
Trampın yüksək səviyyəli köməkçisi heç bir ölkənin Qrenlandiya məsələsində Vaşinqtonla toqquşmayacağını iddia etsə də, Avropa liderləri Qrenlandiyanın öz gələcəyini, suverenliyini və ərazi bütövlüyünü vurğulayıblar
Avropa Danimarkanı dəstəkləyir, Trampın Qrenlandiyanı ələ keçirmək cəhdini rədd edir
Qrenlandiya / Reuters
6 yanvar 2026

Bir neçə Avropa ölkəsi yanvarın 5-də Danimarka və Qrenlandiyaya güclü dəstək ifadə edərək, ada ərazisinin gələcəyinin kənar güclər tərəfindən müəyyən edilə biləcəyi ilə bağlı istənilən təklifi rədd edib və ABŞ prezidenti Donald Trampın açıqlamalarından sonra suverenlik və ərazi bütövlüyünə hörmət edilməlsinin vacibliyini vurğulayıb.

Tramp Danimarka Krallığının muxtar tərkib hissəsi olan Qrenlandıiyanı nəzarətə götürmək arzusunu dəfələrlə dilə gətirib və bunu hərbi güc yolu ilə həyata keçirmə ehtimalını da istisna etməyib.

Venesuelada Nikolas Maduronun ABŞ hərbi əməliyyatı ilə ələ keçirilməsindən bir gün sonra Tramp yanvarın 5-də ABŞ-ın təhlükəsizlik maraqları naminə Qrenlandiyanın Amerika nəzarətinə götürülməsi çağırışını yenidən səsləndirib. Danimarkanın Baş naziri Mette Frederiksen isə Trampa “təhdidlərinə son qoyması” çağırışı edib.

Skandinaviya və Baltik ölkələrinin liderləri vəziyyətə ilk reaksiya verənlər arasında olub.

İsveçin Baş naziri Ulf Kristersson “X” platformasında paylaşımında “Danimarka və Qrenlandla bağlı məsələlərə qərar vermək hüququ yalnız Danimarka və Qrenlandiyaya aiddir” deyərək, İsveçin Danimarkanın “tam şəkildə dəstəyini” bildirib.

Norveçin Baş naziri Jonas Gahr Store Norveçin Danimarkanın arxasında “tam və qətiyyətlə” dayandığını deyib.

Finlandiya prezidenti Aleksander Stubb isə “Qrenlandiya və Danimarkanın taleyini onlardan başqa heç kim müəyyən edə bilməz” açıqlamasını verib.

İslandiyanın Baş naziri Krist­run Frostadottir oxşar mesajla çıxış edərək, “Qrenlandiya haqqında Qrenland olmadan heç bir şey edilə bilməz” deyib.

Latviya prezidenti Edqars Rinkeviçs “X”-də Danimarkanı “güclü demokratiya” və “etibarlı” NATO müttəfiqi kimi xarakterizə edib, Qrenlandın Danimarka Krallığının ayrılmaz hissəsi olduğunu vurğulayıb. O, ABŞ-ın legitim təhlükəsizlik ehtiyaclarının Danimarka ilə birbaşa dialoq və kollektiv müdafiə çərçivəsində müzakirə oluna biləcəyini bildirib.

Digər tərəfdən, Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson yalnız Qrenland və Danimarkanın öz gələcəkləri və təhlükəsizlikləri barədə qərar verə biləcəyini söyləyib.

Almaniya da məsələ ilə bağlı xəbərdarlıq edib. Hökumət sözçüsünün müavini Sebastian Hille Qrenlandiyanın Danimarkaya məxsus olduğunu və sərhədlərin “zorla dəyişdirilə bilməyəcəyini” bildirib.

İspaniyanın Baş naziri Pedro Sançes suverenlik və ərazi bütövlüyünə hörmətin “müzakirə mövzusu olmadığını” deyərək, Danimarka və Qrenlandiya ilə həmrəylik ifadə edib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Qrenlandın gələcəyinin yalnız Qrenlandiya və Danimarka Krallığı tərəfindən müəyyən edilməli olduğunu vurğulayıb və Danimarkanın Avropa və NATO çərçivəsində yaxın müttəfiq rolunu qeyd edib.

Avropa İttifaqı da dəstəyini yenidən bəyan edib. Avropa Komissiyasının sözçüsü Anitta Hipper jurnalistlərə bildirib ki, birlik milli suverenliyi və ərazi bütövlüyünü müdafiə etməyə davam edəcək. Digər sözçü Paula Pinyo isə Qrenlandiyanın NATO müttəfiqi olduğunu və bunun ABŞ-ın son dövrdəki digər addımları ilə müqayisə edilə bilməyəcəyini vurğulayıb.

Pinyo Venesueladakı son ABŞ hərbi əməliyyatına istinad edərək, “Bu, çox-çox böyük bir fərqdir. Ona görə də biz tam şəkildə Qrenlandiyanın yanındayıq və bu iki vəziyyət arasında hər hansı müqayisə görmürük”, -deyə açıqlama verib.

Fransa da həmrəylik nümayiş etdirərək, Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavrö “sərhədlərin zorla dəyişdirilə bilməyəcəyini” bildirib.

Avstriyanın xarici işlər naziri Beate Meinl-Rayzinger “X”-dəki paylaşımında Qrenlandiyaya yönəlik “təhdidlərin və ilhaq xəyallarının” qəbuledilməz olduğunu bildirib və Qrenlandiya xalqı ilə “tam həmrəylik” içində olduqlarını vurğulayıb.

Trampın köməkçisi: “Heç bir ölkə Qrenlandiyanın gələcəyi üçün ABŞ-la hərbi mübarizəyə girməz”

Digər tərəfdən, Trampın yüksək səviyyəli köməkçilərindən biri bildirib ki, heç bir ölkə Qrenlandiyanın gələcəyi məsələsinə görə Amerika Birləşmiş Ştatları ilə hərbi qarşıdurmaya getməyəcək.

Ağ Evin baş katibinin müavini Stiven Miller CNN-ə müsahibəsində ABŞ-ın Qrenlandiyaya marağının silahlı münaqişəyə səbəb olacağı fikrini rədd edib.

Qrenlandiyaya qarşı hərbi əməliyyatın mümkün olub-olmadığı sualına cavab verən Miller bildirib ki, məsələ Qrenlandiyanın özü ilə üz-üzə gəlmək deyil. O deyib:
“Bu, Qrenlandiyaya qarşı hərbi əməliyyat olmazdı. Qrenlandiyanın əhalisi 30 min nəfərdir. Əsas sual budur: Danimarka Qrenlandiyanın üzərində nə əsasla nəzarət iddia edir? Torpaq iddialarının hüquqi əsası nədir? Qrenlandiyanın Danimarkanın koloniyası kimi saxlamağın əsası nədir?”.

Qrenlandiya Danimarka Krallığı daxilində muxtar bölgədir və ABŞ üçün NATO müttəfiqidir. Miller bu statusu sual altına alaraq, Qrenlandiyanın Arktikadakı strateji əhəmiyyətinə diqqət çəkib və bunun ABŞ və NATO-nun təhlükəsizlik maraqları üçün vacib olduğunu bildirib.

Miller deyib:
“Birləşmiş Ştatlar NATO-nun əsas gücüdür. ABŞ-ın Arktika bölgəsini təminata alması, NATO-nu və onun maraqlarını qoruması üçün Qrenlandiyanın açıq şəkildə ABŞ-ın bir hissəsi olması lazımdır və bu, ölkə olaraq müzakirə edəcəyimiz bir mövzudur”.

ABŞ-ın Qrenlandiyanı ələ keçirmək üçün hərbi gücdən istifadəni tam istisna edib-etməyəcəyi barədə israrlı suallar qarşısında Miller silahlı qarşıdurmanın real olmadığını bildirib və mövzunu hərbi terminlərlə müzakirə etməkdən imtina edərək əlavə edib:
“Qrenland ABŞ-ın bir hissəsi olmalıdır. Sizin soruşduğunuz kontekstdə, yəni hərbi əməliyyat kontekstində bunu düşünməyə və ya müzakirə etməyə belə ehtiyac yoxdur. Heç kim Qrenlandiyaın gələcəyi üçün ABŞ-la hərbi mübarizə aparmayacaqdır”.